Türkiyənin “Gənclərbirliyi” klubu baş məşqçisi Ümit Özatla yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ankara təmsilçisinin prezidenti Murat Cavcav məlumat verib. Super Liqasının 33-cü turunda aşağı liqaya düşməsi rəsmiləşən paytaxt klubu Özatla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.
Komandanı Super Liqanın son turu çərçivəsində baş tutacaq “Bursaspor”la oyuna klubun aşağı yaş qruplarında çalışan məşqçi Sezai Yıldırım hazırlaşdıracaq.
2016-cı ildən “Gənclərbirliyi”ni çalışdıran Ümit Özat, 2017/18 mövsümünün əvvəlində, ardıcıl 3 oyunda cəmi 1 xal qazanmasının ardından istefaya göndərilmiş, 12-ci turdan sonra yenidən komandanın “sükanı arxasına” keçmişdi.