Keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində səslənən növbəti ittihama aydınlıq gətirib.
Yenicag.Az xəbər verir ki, Xural.com-un “Azadlıq salnaməsi” layihəsinin qonağı olan Müsavat başqanı Arif Hacılı müsahibəsində sabiq müdafiə naziri Rəhim Qazıyevin ünvanına yeni ittihamlar səsləndirib.
Müsavat başqanının sözlərinə görə, 1992-ci ilin oktyabrında Surət Hüseynova “Milli Qəhrəman” adının verilməsində Rəhim Qazıyevin mərhum prezident Əbülfəz Elçibəyə göstərdiyi təzyiqlər rol oynayıb:
“Elçibəy Surət Hüseynova bu adı onu “Milli Qəhrəman” hesab etdiyindən verməmişdi. Bunun üçün Elçibəyə konkret olaraq, Müdafiə Nazirliyi tərəfindən təzyiq göstərildi”.
Arif Hacılının bu ittihamı ilə bağlı Yenicag.Az-a açıqlama verən Rəhim Qazıyev Müsavat başqanını, o cümlədən, sabiq baş nazir Pənah Hüseyni riyakarlıqda günahlandırıb:
“Elçibəyin 1989-cu il iyulun 16-da AXC sədri seçilməsi üçün əlimdən gələni etmişəm. O cümlədən, onun prezident, mənimsə müdafiə naziri olduğum vaxtda Elçibəyə qarşı heç vaxt hörmətsizlik etməmişəm. Yeganə şəxs idim ki, Elçibəy prezident olanda, onun yanına yoxlanılmadan buraxılırdım. Buna baxmayaraq, heç vaxt onun kabinetinə silahla girmirdim.
Mən Elçibəyə necə təzyiq göstərə bilərdim? Yaxşı, tutaq ki, mən təzyiq elədim, bəs İsa Qəmbər, Pənah Hüseyn, onların arxasınca gələn Arif Hacılı niyə buna imkan verirdilər? Prezidentin qərarı olmasa, mən Surət Hüseynova “Milli Qəhrəman” adı verə bilərəm?
Arif Hacılı 25 ildən sonra bu barədə həyasızcasına yalan danışmaqla nə məqsəd güdür? Allah şahiddir, Elçibəyin andiçmə mərasimindən sonra – 1992-ci il iyunun 17-də – prezidentin kabinetində keçirilən yığıncaqda dedim ki, Elçibəyin prezident seçilməsini istəmədiyim üçün onun komandasında qalmaq fikrində deyiləm. Ancaq Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Arif Hacılı və digərləri təkid etdilər ki, yox, bəy, başladığın işləri özün davam etdirməlisən. İndi isə durub belə yalan danışırlar.
Ümumiyyətlə, mən Elçibəyi tanıdığım vaxtlarda Arif Hacılının izi-tozu da yox idi. O, hardasa 1991-ci ildən sonra ortaya çıxdı. Ona qədər barəsində heç nə bilmirdim. İndi gəlib özünün xəbəri olmayan məsələlər haqqında hökm verir.
Pənah Hüseyn də bir neçə dəfə bildirib ki, guya mən Elçibəy iqtidarını şantaj edirdim və sair. Bu qədər də riyakarlıq olar? Belə çıxır ki, Elçibəy prezident kimi heç kim idi ki, bir nazir ona təzyiq göstərib, istədiyi qərarı qəbul etdirirdi? Pənah Hüseyn və Arif Hacılı bununla əslində, Elçibəyi təhqir edirlər. Baxmayaraq ki, özlərini “Elçibəy yolu”nun yolçuları sayırlar.
Yenə deyirəm, kişilikləri çatırsa, çıxaq debata və sözümüzü deyək. Onlar indi göylə gedirlər… Olsun, sözüm yoxdur. Lap onlar hakim olsunlar, mən də müttəhimlər kürsüsündə də dayanaram. Ancaq danışaq və millət həqiqətləri bilsin”.
A.Zeynalov
Yenicag.Az