Suriya böhranı DƏRİNLƏŞİR – “Türkiyə bölgədə terror dövlətinin qurulmasına imkan verməyəcək”

“7 oktyabr 2023-cü ildə İran və Rusiyanın təşviqi ilə HƏMAS-ın İsrailə hücumu Yaxın Şərqdə bir çox tarazlığı alt-üst etdi. İsrail təhlükəsizlik səbəbilə əvvəlcə HƏMAS-a, sonra isə “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik son günlər Suriyadakı “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Əsəd rejiminə qarşı başlatdığı əməliyyatların regiona təsirindən söz açıb.

H. Oktay əlavə edib ki, son günlərdə İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə ediləndə, bunu fürsət bilən “Həyat Təhrir əş-Şam” (HTŞ) qrupları Əsəd qüvvələrinə qarşı hərəkətə keçdi:

“Burada əsas məntiq “Hizbullah”-Əsəd-İran ittifaqında Əsədi zəiflədərək “Hizbullaha” göndərilən silah və sursat yollarını kəsmək ola bilər. Əsədə qarşı hərəkətə keçən qüvvələr arasında Türkiyənin də dəstəklədiyi qrupların olması hazırkı yeni vəziyyəti Türkiyə-ABŞ-İsrail xəttinin İran-Rusiya-Əsəd xəttinə qarşı bir mübarizəsi kimi dəyərləndirməyə səbəb oldu”.

“Türkiyə bu hərəkətlilikdə PKK və YPG-yə yeni fəaliyyət sahələri açılacağı ehtimalını nəzərə alaraq hadisələri yaxından izləyir. HTŞ dairələri arasında hər nə qədər Türkiyə ilə birlikdə hərəkət etdiyi iddia edilən qruplar olsa da, Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıdığı üçün bu prosesin sonunda Suriyanın parçalanmasına, bölgədə hər hansı bir terror dövlətinin qurulmasına və ya terror qruplarının mövqelərini gücləndirməsinə qətiyyən imkan verməyəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29