Suriya böhranı fərqli variantda yenidən gündəmə gəlir: “Türkiyə üçün təhlükəli nəticələr ola bilər” – Hasan Oktay

“13-cü ilini tamamlayan Suriya böhranı qarşıdakı günlərdə fərqli variantlarla yenidən gündəmə gəlməyə başlayacaq. Çünki nəzarətindən kənarda qalan terror ünsürlərinin öz ərazisində dövlətə çevrilməsi Suriya üçün məqbul hal deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

Suriya lideri Bəşər Əsədin Kremldə rusiyalı həmkarı Vladimir Putinlə görüşündən söz açan H.Oktay Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Türkiyə Suriya məsələsində amerikalılarla birgə hərəkətinin acı nəticələrini görməyə başlayanda fərqli axtarışlara başlamalı oldu:

“Türkiyənin xarici siyasət keçmişi qonşuları ilə münasibətlərdə kifayət qədər təcrübəli olsa da, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətinin bu məsələdə mövcud vəziyyəti tənqid etməsi və alternativlər hazırlamağa çalışması Türkiyə üçün böyük problemə çevrildi. Suriyadan Türkiyəyə gələn ən azı 5 milyon qaçqın, Suriyada qurulmağa çalışan PKK terrorrçuları və qısa zamanda devrilməsi gözlənilən Bəşər Əsədin 13 ildir hakimiyyətdə olması Türkiyənin Suriya siyasətində yeni vasitələrə doğru hərəkət etməsinə gətirib çıxardı”.

H. Oktay diqqətə çatdırıb ki, hazırda Suriyada İran-Rusiya cəbhəsi və Amerika-Türkiyə cəbhəsində həm ittifaqlar, həm də münaqişələr mövcuddur:

“Bir tərəfdən, Rusiya Ukraynada hakimiyyəti dəyişməyə, digər tərəfdən isə Suriyada hakimiyyəti zor gücünə də olsa, yaşatmağa çalışır. Amerika isə Ukraynada Volodimir Zelenskini dəstəklədiyi halda, Suriyada Bəşər Əsədi devirməyə çalışır. Türkiyə də həmçinin Rusiya və Ukraynanı barışdırmağa çalışarkən, Suriyada isə Bəşər Əsədi devirməyə çalışır. Suriya ilə bağlı bu tənlik son nəticədə Türkiyənin əleyhinə işlədiyi və suriyalı mühacirlər Türkiyədə daxili siyasət materialına çevrildiyi üçün Türkiyə artıq yeni vasitələrə əl atmaq məcburiyyətində qaldı”.

“Xüsusilə HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra Türkiyə-İsrail münasibətləri gərginləşdi. Ona görə ki Türkiyənin HƏMAS-ı dəstəkləməsinə cavab olaraq, İsrail Suriyada Türkiyəyə qarşı döyüşən PKK ünsürlərinə açıq şəkildə dəstək verməyə başladı. Bu vəziyyət Türkiyənin Suriya siyasətində Əsədlə yeni axtarışlara səbəb oldu. Rusiya Türkiyənin Suriyadakı vəziyyətini çox yaxşı görür və Amerika-Türkiyə tandemini burada öz xeyrinə çevirmək, Suriyada Amerika və Türkiyəni bir-birinə qarşı qoymaq və Amerikanı təcrid etmək üçün Əsəd və Ərdoğanı görüşdürmək istəyir. Moskva bu görüşə Amerikadakı prezident seçkilərinə qədər nail olmaq istəyir”, – deyə o, əlavə edib.

Mütəxəssis onu da xatırladıb ki, bu yaxınlarda mərkəzi Bağdad hökuməti Türkiyə ilə Rusiya arasında vasitəçilik edə biləcəyini dedikdə, Amerika tərəfindən sərt şəkildə İraqa xəbərdarlıq edildi:
“Türkiyə, bir tərəfdən, Suriyada PKK/PYD ilə bağlı Amerika ilə problem yaşayırsa, digər tərəfdən də İsrail PYD-ni güclü silah kimi saxlamaq üçün ən azı bütün imkanlarından istifadə edərək, bu terror qruplaşmanın dövlətçilik mərhələsinə dəstək verir. Bu, Türkiyə üçün məqbul bir vəziyyət olmasa da, ABŞ Türkiyənin PYD-yə baxışını Amerikanın bölgədəki maraqları baxımından nəzərə almalıdır. Suriya üzərində dövlətlərin mübarizəsinin kəsişmə nöqtələri fərqli olduğu üçün Türkiyə bu tarazlıqları nəzərə alaraq, bir tərəfdən Amerikaya qarşı durmadan, digər tərəfdən də Rusiyanın cəhdini nəzərə alaraq, ona uyğun siyasət aparmağa çalışır”.

Analitik yekunda onu da vurğulayıb ki, Suriyadakı bu daxili qarışıqlıq uzun müddət davam edərsə, Türkiyə üçün son dərəcə təhlükəli nəticələrə gətirib çıxara bilər:

“Ona görə də Türkiyə Əsədlə görüşəcək və əvvəlcə Suriya ərazisində terror dövlətinin yaranmasının qarşısını alacaq, daha sonra isə mühacirlərin Suriyaya qayıtmasını təmin edəcək. Onsuz da Ankara bunu Əsədlə və yaxud Əsədsiz mütləq şəkildə edəcək. Rusiya isə bu əməliyyatı Amerika seçkilərindən əvvəl həyata keçirmək və yeni prezidentin Yaxın Şərq siyasətini istiqamətləndirmək istəyir. İran isə mərhum prezident İbrahim Rəisinin həlak olmasından sonra bir az da geri çəkiləcək və ərazi bütövlüyünü təmin etmək üçün xarici siyasətdə təmasda olduğu terror təşkilatlarını “yemləyəcək”. İsrailin “Husilər”ə (“Ənsərullah” – red.) və “Hizbullah”a qarşı genişmiqyaslı əməliyyata başladığı bir mühitdə Türkiyə Ərdoğan-Əsəd danışıqları ilə bağlı dünya ictimai rəyini yönləndirməklə yanaşı, PKK-ya qarşı da böyük hərbi əməliyyat keçirəcək. Fikrimcə, İraq və Suriyada terroru Türkiyəyə qarşı tətbiq edənlər Türkiyənin qətiyyətinə qarşı yeni vasitələr sınaya bilərlər”.

Rafi Müslümov

COP29