Suriya ilə bağlı ŞOK PLAN: “İran və İsrailin maraqları kəsişir”

“İran yenə də məsələni öz sərhədlərindən kənarda aparmaq üçün Suriyadakı prosesləri qızışdırır”.

Bu fikri İranın ABŞ-nin hədəfində olması, cənub qonşumuzun Suriyada yenidən aktivləşməsini Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, İranın aktivləşməsi gözlənilən idi:

“İran Suriyaya milyardlarla pul xərcləmişdi. O pulları İranın bir anda silib atacağı gözlənilən deyildi. Ona görə də İran Yaxın Şərqdəki proksilərini aktivləşdirib. “Hizbullah” bir neçə istiqamətdə aktiv şəkildə fəaliyyətə başlayıb. Suriyada proseslərin sakit məcrada davam edəcəyi gözlənilən deyildi. Çünki orada milli, etnik, dini zəmində parçalanmalar var. Maraqlıdır ki, ən kiçik qruplar belə ciddi şəkildə silahlanıblar. Ona görə də, orada silahlı mübarizə ilə nəyisə əldə etmək asan deyil”.

“İsrail açıq şəkildə Suriyadakı proseslərə müdaxilə edir. Düşmən kimi görünən İran və İsrailin maraqları Suriyada sanki kəsişir. Hər ikisi Suriyanın müəyyən hissəsinə nəzarət etmək niyyətindədir. ABŞ ilə İran münasibətlərinə gəldikdə isə Trampın əsas hədəflərindən biri İrandır. İran da bunun fərqindədir. İran yenə də məsələni öz sərhədlərindən kənarda aparmaq üçün Suriyadakı prosesləri qızışdırır. Çünki İran bunu etməyəcəyi təqdirdə, proses onun sərhədinə gələcək. İllərdir İran bu xətti tutub və davam edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd