Suriya prezidenti Ankarada: Türkiyə üçün mühüm strategiya BAŞLAYIR

“Suriya Prezidenti Əhməd əş-Şaraanın (Əbu Məhəmməd əl-Qolani – red.) Səudiyyə Ərəbistanından sonra ikinci səfərini Türkiyəyə etməsi iki ölkə arasındakı münasibətlərin yeni bir müstəviyə keçəcəyinin göstəricisi kimi qiymətləndirilir. Türkiyədə təxminən 5 milyon suriyalı miqrant 13 ildir yaşayır və onların Türkiyə təcrübələrini Suriyaya ötürməsi əsas prioritetlərdən biri olacaq”.

Bu sözləri Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Onun sözlərinə görə, digər vacib məsələ Suriyanın ərazi bütövlüyüdür:

“Hərçənd ki, Əhməd əş-Şaraanın komandası mərkəzi hökuməti idarə etsə də, müxtəlif silahlı müxalif qruplar da ölkə daxilində mövcuddur. Bu səbəbdən, yaxın günlərdə Suriyada hakimiyyət bölgüsü ilə bağlı ciddi çətinliklərin yaranması mümkündür. Türkiyənin diqqət yetirəcəyi iki əsas məsələ var: suriyalı miqrantların geri qaytarılması və Suriyanın ərazi bütövlüyünün qorunması. Bundan əlavə, Suriyada hələ də mövcud olan keçmiş marksist köklü silahlı qrupların kantonlaşma və muxtariyyət tələblərinə qarşı mübarizə aparılacaq. Ankara Suriyada yeni bir qeyri-sabitlik dalğasının yaranmasını istəmir”.

KAFKASSSAM sədri əlavə edib ki, digər tərəfdən, Suriyada 13 ildən çox davam edən dağıntılardan sonra yeni bir nizamın qurulması, habelə konstitusiya çərçivəsində bərabər vətəndaşlıq hüququnun təmin edilməsi üçün Türkiyə mühüm rol oynayacaq:

“Bu məqsədlə, Suriya prezidenti Körfəz ölkələrindən maliyyə dəstəyi, Türkiyədən isə idarəetmə təcrübəsi əldə etməyə çalışır. Türkiyə də bu prosesi dəstəkləmək üçün bütün imkanlarını səfərbər edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan və Əhməd əş-Şaraanın birgə mətbuat konfransı, əslində, səfərin mahiyyətini tam əks etdirmədi. Çünki görüşdə qapalı qapılar arxasında müzakirə edilən məsələlərin çoxu açıq şəkildə ifadə olunmadı. Bundan başqa, bu açıqlama bir qədər də ABŞ sabiq prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun görüşünün kölgəsində qaldı”.

“Odur ki,Türkiyə Suriyada qurulacaq yeni hökumətə nümunə olmaq, iqtisadi əlaqələri maksimum səviyyəyə çatdırmaq və ölkənin sürətli şəkildə bərpasını təmin etmək üçün bütün imkanlarını səfərbər edəcək. Bununla yanaşı, qlobal güclərin Suriyaya yönəlik mümkün tələblərini də nəzərə alaraq, bu məsələlərə dair xüsusi addımlar atacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov