Suriya Rusiya üçün Əfqanıstana çevrilir?

Rusiya prezidenti Putin keçən ilin dekabrında Suriyaya gedərək, təntənəli şəkildə qalib gəldiklərini bəyan etdi və rus qoşunlarının çıxardılması prosesinə start verdi. Nəticədə, artıq xeyli sayda rus əsgəri Suriyanı tərk edib. Amma məhz həmin hadisədən sonra Suriyada Rusiya daha ciddi maneələrlə üzləşməli olub.

Belə ki, Putinin məlum bəyanatından ötən müddət ərzində Bəşər Əsəd qüvvələrinə qarşı çıxan silahlı dəstələrin Suriyadakı Rusiya hərbi bazasına hücumu baş verir və nəticədə, 10-a yaxın hərbi təyyarə sıradan çıxarılır. İkinci bir tərəfdən, ruslara məxsus hərbi təyyarə havadaca vurulur. Eyni zamanda, bu günlərdə Vaqner qrupunun 100-ə yaxın muzdlu rus hərbçisi ABŞ tərəfindən edilən bombardman nəticəsində məhv edilir. Belədə, açıq şəkildə görürük ki, Putinin sözügedən bəyanatından sonrakı 3 ay ərzində Rusiya ordusunun Suriyada canlı qüvvə və hərbi texnika baxımından məruz qaldığı itki, 2015-ci ilin sentyabrından keçən ilin dekabrına qədər verdiyi itkilərlə müqayisədə çox olub. Görəsən, bu, Rusiyanın Əfqanıstanda olduğu kimi artıq Suriyada da “bataqlığa” düşməsi anlamına gəlmir ki?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Rusiya proseslərin indiki vəziyyətdə davam edəcəyi təqdirdə, həqiqətən də tədricən Suriyada Əfqanıstanda düşdüyü duruma bənzər bir vəziyyətlə üz-üzə qala bilər:

“Rusiya Suriyanın dəniz sahillərində yerləşdirdiyi hərbi dəniz qüvvələri, uzağı vuran raketlər və borbardmançı təyyarələrdən istifadə etməklə hələlik ABŞ-la kəllə-kəlləyə gəlmək həvəsindən əl çəkməyib. Amma Rusiyanın resursları uzun müddət Suriyada qalmağa imkan verməyəcək. Resursları tükənəndən və bunun acısını çəkəndən sonra Moskva da tamamilə bataqlığa düşdüyünü başa düşəcək. Nəticədə bir müddətdən sonra Rusiyada Suriyadan tələm-tələsik geri çəkinmək məsələsi gündəmə gələcək. Əks təqdirdə, belə davam edəcəyi təqdirdə, onları Əfqanıstan variantı gözləyə bilər. Bu ehtimal ciddidir. Son zamanlar Rusiya mətbuatında da ölkələrinin Suriyada Əfqanıstanda olduğu kimi bataqlığa düşdükləri barədə müxtəlif yozmalar yer alır. Ancaq indiki məqamda buna bir qədər ehtiyatlı yanaşıb, prosesi yuxarıda qeyd etdiyim kimi yozmaq daha düzgün olardı”.

ELÇİN

 

COP29