Suriyada Rusiya-Səudiyyə Ərəbistanı savaşı başlayır?

maxresdefaultZərdüşt Əlizadə: “Səudiyyə Ərəbistanının nə halı var ki, Suriyada yerüstü əməliyyat keçirsin”

Rusiyanın baş naziri Dmitri Medvedyev Suriyada istənilən yerüstü əməliyyatların keçirilməməsi üçün xəbərdarlıq edib. Baş nazirin sözlərinə görə, bu Yer kürəsində növbəti müharibənin başlanmasına səbəb ola bilər.

Belə bir bəyanatla Rusiya hökumətinin rəhbəri Münhün konfransının ərəfəsində Almaniyanın “Handelsblatt” nəşrinə verdiyi müsahibəsi zamanı çıxış edib.

Baş nazirin sözlərinə görə, yerüstü əməliyyat–“iştirak edən hər kəsin, müharibəyə inteqrasiyası deməkdir”.

Qeyd edək ki, son zamanlar Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaranan koalisiyanın Suriyada yerüstü əməliyyatlara başlaya biləcəyi haqqında fikirlər dolaşır. Hətta Səudiyyə Ərəbistanı Suriyaya xüsusi təyinatlıları göndərməyə hazır olmasına dair bəyanatla da çıxış edib.

Görəsən, Rusiyanın bu təhdidləri fonunda Suriyada başqa qüvvələrin yürüstü əməliyyatı həyata keçirməsi mümkün olacaqmı?

Politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında bildirdi ki, Moskvanın Suriyada yerüstü əməliyyat keçirmək niyyətində olanlara qarşı söylədiyi təhdidlər realdır və Rusiya həmin əməliyyatın baş tutmasına imkan verməyəcək: “Səudiyyə Ərəbistanının Suriyada yürüstü əməliyyatlara başlaması mümkün deyil. Əminəm ki, Səudiyyə Ərəbistanı və ya digər dövlətlər Suriyaya qarşı yerüstü və ya hər hansı bir digər əməliyyatlar keçirməyəcək. Bunu həyata keçirməyə birincisi onların əlahiddə gücü belə yoxdur. Qərbdəki havadarlar bu barədə təlimat versə, onların Suriyaya daxil olan ilk qoşun hissələrini Rusiya aviasiyası havadan borbardman edərək dağıdacaq. Rusiya ilə isə nə onların, nə də havadarlarının müharibə etməyə halı yoxdur. Çünki beynəlxalq hüquqa görə Suriya ərazisində yerüstü əməliyyat keçirmək üçün yalnız Dəməşqdəki rəsmi Bəşər Əsəd hökumətinin dəvəti, icazəsi lazımdır. Bu isə ortalıqda yoxdur. B. Əsəd isə yalnız İranla Rusiyanı dəvət edib. Qalan hərbçilər isə orada qiyamçı sayılırlar və onlarla vuruşmaq da qanuni işdir. Ora başqa qoşunların daxil olması fonunda bütün hallarda Rusiya onları vuracaq. Bunu etmək Rusiya üçün heç də çətin deyil. Səudiyyə Ərəbistanının başı indi Yəmənə qarışıb, daxilində ciddi problemlər var. Bu ölkənin nə halı var ki, Suriyada yürüstü əməliyyat keçirsin. Sadəcə olaraq, bunu söz olaraq deyirlər. Ora daxil olmaqla isə onlar itirəcəklər”.

ELÇİN