“Suriyada toqquşmaların səngiməsi Astana prosesinin nəticəsidir” – Diana Dixanbayeva

“2018-ci ildə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı anlaşma daha da möhkəmlənib”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Qazaxıstanın 2019-cu ilə yüksək dinamika ilə daxil olduğunu vurğulayan “Qazaxıstanın Birinci Prezidenti” Fondunun nəzdində fəaliyyət göstərən Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti Diana Dixanbayeva deyib.

Diana Dixanbayevanın sözlərinə görə, ötən il Qazaxıstanda bır sıra əlamətdar hadisələrlə yadda qalıb:

“2018-ci ildə paytaxt Astananın 20 illiyi qeyd olundu. Eyni zamanda, ölkəmizdə 5-ci Xəzər sammiti, Dünya dini liderlərinin 6-cı qurultayı, “Astana Club”un 4-cü toplantısı və başqa mühüm tədbirlər keçirildi.

Ən önəmlisi, Qazaxıstan BMT Təhlükəsizlik Şurasına uğurla sədrlik etdi. Bu dönəmdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə “Kütləvi qırğın silahlarının yayılmaması: Etimad həddi” adlı tematik forum, “Əfqanıstanda və Mərkəzi Asiyada qarşılıqlı təhlükəsizlik və inkişaf modeli əsasında regional əməkdaşlığın qurulması” mövzusunda nazir debatları, dünyada sülhün bərqərar edilməsi, terrorizmin aradan qaldırılmasına yönəlik tədbirlər keçirildi. Bir sözlə, Qazaxıstan özünün sülhyaratma potensialını və anlaşma qabiliyyətini növbəti dəfə nümayiş etdirdi”.

Ekspertin fikrincə, ötən il Mərkəzi Asiya ölkələri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılıb:
“2018-ci ildə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı anlaşma daha da möhkəmlənib. Ötən ilin martında Astanada baş tutan Mərkəzi Asiya dövlət başçılarının sammiti də bu məsələyə ciddi impuls verdi.

Görüşdə region ölkələrinin potensiallarının birləşdirilməsi, regional ticarətin genişləndirilməsi və regional təhlükəsizlik məsələlərinin vacibliyi önə çəkilib. Növbəti analoji tədbir 2019-cu ilin martında Daşkənddə keçiriləcək”.

Qazaxıstanın Suriya böhranının nizamlanmasında oynadığı rola toxunan Dixanbayeva Astana prosesinin davam etdirilməsinin zəruriliyini vurğulayıb:

“Qeyd olunmalıdır ki, 2018-ci ildə Suriyada hərbi zorakılıq halları xeyli azaldı. Bu məsələdə Astana prosesinin müsbət təsiri nəzərə alınmalıdır. Bildiyiniz kimi, ötən il Astana prosesi çərçivəsində 3 görüş keçirildi. Bunun sayəsində, xırda insidentləri nəzərə almasaq, Suriyada atəşkəsə, demək olar ki, riayət edildi.

Rusiyanın yaydığı məlumata əsasən, artıq 1,5 milyon suriyalı öz ölkəsinə qayıdıb, infrastruktur bərpa olunur. 2019-cu ildə Astana və Cenevrədə nəzərdə tutulan görüşlərdə Suriyanın ərazi bütövlüyünün qorunması, ədalətli seçkilərin keçirilməsinə hazırlıq, şəhərlərin bərpası və başqa məsələlər müzakirə olunacaq”.

Qafqaz Ömərov

COP29