“Türkiyə faktoru olmasa, Suriya bir neçə yerə parçalanmışdı”.
Bu sözləri Türkiyənin Suriyadakı vəziyyətə müdaxiləsi, tərəflər arasında görüşlərin keçirilməsi və Suriyanın gələcəyini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Suriyanın vahidliyi qorunacaq:
“Türkiyə artıq “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Qolani ilə təmaslar qurmağa başlayıb. Türkiyə çalışacaq ki, Suriyanın vahidliyi qorunsun. Hətta görüşdən sonra hər iki tərəf PKK və PYD-yə xəbərdarlıq etdi. Görünən odur ki, Türkiyə Suriyada kürd dövlətinin qurulmasının qarşısı ala biləcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, 1945-ci ilə qədər Hələb, Rəqqə və bir neçə şəhər Türkiyənin tabeçiliyində olub. Beynəlxalq hüquqa görə Türkiyə bunu tələb edə bilər. Ancaq, bundan əlavə, Türkiyə rəsmi olaraq bildirdi ki, onların heç kimin torpağında gözü yoxdur”.
“Suriyadakı proseslər çox mürəkkəbdir. Orda dövlət quruluşunun necə olacağı məlum deyil. Bundan əlavə, ölkədə kimin rəhbər olacağı da sual altındadır. Əl-Qolaninin prezidentlik potensialı da sual altındadır. Çünki dünənə qədər əl-Qolani terrorçu sayılırdı, bu gün isə prezident olacağı iddiası var. Suriyada hər şeyin bitdiyini düşünmək doğru deyil. Türkiyə faktoru olmasa, Suriya bir neçə yerə parçalanmışdı. Suriyanın parçalanma ehtimalı hələ də yüksəkdir”.
Səxavət Məmməd