Suriyada yeni ələvi dövləti İDEYASI: “Hədəf Türkiyədir”

“Yeni yaranan və dəyişən vəziyyətlə birlikdə Suriyadakı vətəndaş müharibəsinə damğa vuran məlum məzhəbi fitnə vasitəsilə həm Suriyanın xaricindən, həm də daxilindən çox hiyləgər və təhlükəli manipulyasiya, müdaxilə, təhrik və qarşıdurmalar həyata keçirilir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.

Mütəxəssis Suriyada ələvilərin daha çox yaşadığı Tartus, Xmeymim və Latakiyada sünni “Heyət Təhrir əş-Şam” keçid hökumətinə qarşı başladılan üsyanları analiz edib.

Analitik düşünür ki, Suriya üzərindən bütün bölgəni, hətta birbaşa Türkiyəni hədəf alan yeni bir mərhələ planlanır:

“Keçmişdə Suriyada baş verən hadisələr və hazırkı vəziyyətin aktorları vasitəsilə məzhəbi fitnələr, yeni separatizm hərəkatları, qarşıdurmalar və artan qeyri-sabitlik yaradılmağa çalışılır. Bu proseslərin nəticəsi olaraq parçalanmış bir Suriya ideyası üzərində iş gedir. Yəni Suriyadan qoparılmağa çalışılan Tartus, Latakiya, Banyas və Manyas xətti boyunca bir ələvi dövləti qurmaq istəyirlər. Bu isə yeni parçalanmış bir Suriya ssenarisi ortaya qoyur”.

A. Ağar on uda vurğulayıb ki, sözügedən prosesə YPG/PKK da daxil olmağa başlayıb:

“Onlar nə etməyə çalışırlar? Məqsədləri nədir? Bütün bunlar sual doğuran məqamlardır. Fəratın şərqinə baxarkən, Aralıq dənizi sahillərində baş verənləri də diqqətlə izləmək və tədbirlər görmək vacibdir. Yəni kimlər vətəndaş müharibəsinin travmaları, məzhəbi xəstəliklər, düşmənçiliklər və ehtiraslar vasitəsilə tələyə salınır, istifadə olunur? Bu tələyə necə düşürlər? Bunları bilmək önəmlidir.

Bəs Türkiyə ilə bağlı əlaqəli planlar, oyunlar, tələlər, ssenarilər? Onlar Suriyada bu planlarını reallaşdırsalar, daha sonra nə edə biləcəklərini, hansı mövzuları və haralarda manipulyasiya edəcəklərini hesablaya bilirikmi? Məncə, düşünməli olduğumuz məqamlar xeylidir”.

Rafi Müslümov