Suriyadakı qan bu şərtlərlə DAYANDIRILACAQ: “Rejimin zəifliyi…”

“Burada əsas hərəkətverici qüvvələr Əsəd rejiminə müxalif olan qruplardır. Bu qruplardan biri “Həyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasıdır. Digəri isə əvvəllər Azad Suriya Ordusu adlanan, indi isə Milli Suriya Ordusu olaraq tanınan qüvvədir. Bu ordu qardaş Türkiyənin dəstəyi ilə təşkilatlanmış və nizamlı bir hərbi gücə çevrilmişdir. Türkiyənin də iştirakı ilə bu ordunun tərkibində böyük bir əməliyyat başlayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Analitik Suriyada cərəyan edən hadisələrdən söz açaraq, regional güclərin bölgə ilə bağlı planlarını analiz edib.

N. Miri əlavə edib ki, uzun müddət Suriya cəbhəsində müharibə səngimiş kimi görünsə də, bu, müxalif qüvvələrin rejimin zülmü qarşısında təslim olacağı anlamına gəlmirdi:

“Əksinə, rejimin zəifliyi və əlverişli geosiyasi şərtlər, xüsusilə Rusiyanın Ukrayna bataqlığında çətin vəziyyətdə olması müxalif qüvvələrə geniş hərəkət imkanları yaratdı. Eyni zamanda, İran həm “Hizbullah”, həm də İsrailin zərbələri nəticəsində zəifləmiş vəziyyətdədir. Bu şərtlər çərçivəsində müxalif qüvvələr strateji əhəmiyyətə malik əraziləri rejimin nəzarətindən çıxarmağa nail oldular. Suriya Milli Ordusu və HTŞ-nin birgə əməliyyatları nəticəsində Tel Rıfat şəhəri də daxil olmaqla bir neçə strateji yaşayış məskəni azad edildi. Hazırda müxalif qüvvələrin rejimin nəzarətində olan digər bölgələrdə də irəliləməsi ehtimalı böyükdür”.

Onun sözlərinə görə, əgər bu əməliyyatlar uğurla başa çatarsa, rejim Şam (Dəməşq) şəhərindən çəkilməyə məcbur olacaq və bu da Bəşər Əsəd rejiminin sonunun başlanğıcı olacaq:

“Bu proseslərin nəticəsində ehtimal edilir ki, bütün etnik və siyasi qrupların iştirakı ilə müvəqqəti bir hökumət formalaşdırılacaq. Bu hökumət gələcəkdə BMT-nin qətnaməsinə uyğun olaraq demokratik seçkilərin keçirilməsini təmin edəcək. Türkiyə isə bu prosesdə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Suriyanın dərinliklərində 30 kilometrlik bir təhlükəsizlik zonası yaradacaq. Bu zona Türkiyənin sərhədləri boyunca terror koridorunun yaradılması planlarına mane olacaq. Bu cür planların arxasında İsrail və ABŞ kimi güclərin dayandığı məlumdur”.

Analitik əmindir ki. Rusiya və İranın indiki zəif vəziyyəti bu proseslərə müdaxilə imkanlarını məhdudlaşdırır:

“İranın Əsəd rejimini dəstəkləmək üçün əlavə qüvvələr göndərə bilməsi ehtimalı çox aşağıdır. Nəticədə, həm Əsəd rejiminin, həm də İranın bölgədəki təsir dairəsinin zəifləməsi gözlənilir. Bu inkişaflar Yaxın Şərqin sabitliyinə müəyyən dərəcədə töhfə verə bilər. İranın zəifləməsi Livandakı “Hizbullah”ın və Fələstindəki HƏMAS-ın da güc itirməsi deməkdir. Bu isə İsrail və terror qruplaşmaları arasındakı qarşıdurmanı azalda bilər. Digər tərəfdən, Türkiyənin bölgədə mövqeyinin güclənməsi, gələcəkdə İsrail və Türkiyə arasında dialoqun asanlaşmasına səbəb ola bilər. Bütün bu proseslər Yaxın Şərqin sabitliyinə doğru bir inkişaf kimi görünür. Lakin qeyd etmək lazımdır ki, bu sabitlik ABŞ və İsrailin tam maraqlarına uyğun gəlməyə bilər. Buna baxmayaraq, indiki şəraitdə onların proseslərə birbaşa müdaxilə ehtimalı da aşağıdır”.

Rafi Müslümov