Suriyadan qaytarılan daha bir qrup şəxsin reabilitasiyasına başlanıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Suriyadan Vətənə qaytarılan daha bir qrup şəxsin (repatriant) re-inteqrasiyası və sosial reabilitasiyası tədbirlərinə başlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, agentliyin müvafiq sosial xidmət müəssisəsində yerləşdirilən 12 nəfər Azərbaycan vətəndaşının zəruri qayğı və sosial xidmət tələbatları qarşılanıb. Hazırda həmin şəxslərin ən uyğun sosial inteqrasiyasını və sosial reabilitasiyasını təmin etmək məqsədi ilə sosial-psixoloji vəziyyətlərinin təfsilatlı qiymətləndirilməsi aparılır.

Repatriasiya edilmiş həmin şəxslərdə ilkin qiymətləndirmə nəticəsində psixo-sosial davranışda ləngimə, dezadaptiv davranış, eləcə də uzun müddət ilkin qayğı tələbatlarının ödənilməsində çətinlik yaşadıqları müşahidə edildiyindən onlar müvafiq seanslara cəlb ediliblər.

Repatriantlar müəssisədə ilkin sosial-reabilitasiya xidmətləri ilə təmin olunduqdan sonra qohumlarına təhvil veriləcəklər.

 

Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri növbəti mərhələdə həmin şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığı şəraitində davam etdiriləcək.

Bu ilin ötən dövründə Agentliyin psixoloqları tərəfindən 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə ölkə üzrə 149 ailə üzrə 390 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.