Suriyanın ən BÖYÜK QƏSSABXANASI: Sednaya həbsxanasının QARANLIQ ÜZÜ – Rəfi Müslümov yazır

Suriyada 50 ildən artıq davam edən hakimiyyətin ən böyük cinayətlərindən biri də həbsxanalarda baş verib. Əsəd rejimi dövründə, xüsusilə də Hafiz Əsədin hakimiyyətində olduğu zamanlarda ölkədəki həbsxanalar ölüm və işgəncə mərkəzlərinə çevrilmişdi. Bu həbsxanalar geniş sahələrə yayılaraq, çoxsaylı mərtəbələrə malik olub. Məhbusların həyatları rejimin amansız işgəncə və öldürmə siyasətinə məruz qalıb.

Suriyanın paytaxtı Dəməşqdə yerləşən Sednaya həbsxanası işgəncələrin və edamların simvolu kimi məşhurdur. Bu həbsxanada Hafiz Əsədin hakimiyyəti dövründə həbs olunmuş çox sayda insan uzun illər ərzində məhkum edilmişdir. 40-50 il həbsdə olanların olduğu bu həbsxana siyasi müxalifət üzvləri və rejimə qarşı çıxan şəxslər üçün bir ölüm düşərgəsi idi.

Əsəd rejimi ölkəni tərk edəndə, yalnız fiziki olaraq deyil, eyni zamanda, həbsxanaların daxili strukturunu da dağıdıb. Həbsxanalardakı havalandırma və enerji sistemləri söndürülüb, məhbusların qapıları bağlanaraq onları qaranlıqda tərk ediblər. Bu vəziyyət nəticəsində yerin altındakı mərtəbələrdə minlərlə məhbus hələ də qalmaqdadır və onları çıxarmaq çox çətinləşib. Gecikmələr olarsa, həmin məhbusların həyatı təhlükə altına düşəcək.

Dəməşq və digər şəhərlərdə azad olunan məhbuslar isə ölkənin 13 illik vətəndaş müharibəsindən xəbərsizdirlər. Bir çoxu ölkənin hələ də Hafiz Əsəd tərəfindən idarə olunduğunu düşünür, Səddam Hüseynin hələ də sağ olduğuna inanır və internet, mobil telefon kimi müasir texnologiyalardan xəbərsizdir. Bu insanlar, özlərini 20-ci əsrin əvvəllərində yaşayanlar kimi hiss edirlər. Həbsxanadan çıxan zaman onları gözləyən dünya, onların düşündüyü dünyadan tamamilə fərqli olmuşdur.

Əsəd rejiminin həbsxanalarda həyata keçirdiyi bu vəhşi siyasət yalnız fiziki işgəncələrdən ibarət olmayıb. Həm də bu məhbusların psixoloji və mənəvi durumlarına ağır təsir edib. Uzun müddət həbsdə qalan insanlar azadlığa çıxdıqda, hər şeyin dəyişdiyini, vaxtın necə keçdiyini anlamazlar. Onlar üçün dünya, bir çox hallarda donmuş və ya geriyə getmiş vəziyyətdədir.

Suriya üçün gələcəkdə ən böyük çətinliklərdən biri də məhz bu həbsxanaların tarixindən yaranan yaraların sağaldılması olacaq. Dövlətin keçmişdə həyata keçirdiyi amansız təzyiqlər, işgəncələr və cinayətlər, yalnız məhbusların həyatını deyil, həm də bütün ölkənin psixoloji vəziyyətini mənfi təsir edib. Yenidən qurulma prosesi, həm fiziki, həm də sosial, psixoloji sahələrdə ciddi addımlar atmağı tələb edəcəkdir. Bu, yalnız Suriyanın yeni idarəetmə strukturu üçün deyil, həm də xalqın reabilitasiyası üçün çox mühüm bir mərhələ olacaq. Rejimdən azad olunmuş məhbusların yaşadıqları dəhşətləri dünya səviyyəsində geniş şəkildə paylaşılması isə beynəlxalq ictimaiyyətin bu cinayətlərə qarşı ciddi tədbirlər görməsi zərurətini ortaya qoyur.