“Suriyanın şimalında Türkiyəyə qarşı törədilən təxribatlar ABŞ-İran işbirliyinin nəticəsidir” – Partiya sədri

“Bölgə əhalisi hansı oyuna cəlb olunmasının fərqinə varmadan Türkiyəyə qarşı çıxmaqdan çəkinməyib”.

Bu fikirləri Suriyanın şimal bölgələrində Türkiyə əleyhinə təşkil olunan aksiyaların gerçək məqsədlərini dəyərləndirən Turan Partiyasının başqanı Cahandar Bayoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən aksiyaların təşkilində ABŞ-İran məxfi əməkdaşlığının izi aşkar görünür:

“Bu barədə danışarkən Türkiyə, Rusiya və İran prezidentlərinin iyulun 22-də Tehranda baş tutan danışıqlarını xatırlamaq lazım gəlir. Həmin danışıqlarda Türkiyə ilə Rusiya arasında Suriyanın şimalındakı vəziyyətlə əlaqədar müəyyən uzlaşmalar olsa da, İran tərəfi bununla razılaşmadığını açıq şəkildə büruzə vermişdi.

Eyni zamanda, Suriyanın şimal bölgələrində yerli əhalinin Türkiyəyə qarşı ayaqlanması, hətta qardaş ölkənin bayrağının yandırılması isə hörmətli Ərdoğanla Putinin avqustun 5-də Soçidə keçirilən görüşündən sonraya təsadüf etməsi diqqətdən kənar qalmamalıdır.

O baxımdan, təbii sual yaranır: Türkiyə ilə Rusiya arasında əldə olunan anlaşma hansı tərəflərin maraqlarına ziddir? Suriyadakı proseslərdə iştirak edən ölkələrə nəzər saldıqda bu dövlətlərin ABŞ və İran olduğu nəzərdən qaçmır.

Başqa sözlə ifadə etsək, Türkiyənin Suriyanın şimalında keçirəcəyi hərbi əməliyyatın onların maraqlarına böyük zərbə vuracağını düşünən ABŞ və İran işbirliyinə baş vurublar. Nəticədə isə bölgə əhalisi hansı oyuna cəlb olunmasının fərqinə varmadan Türkiyəyə qarşı çıxmaqdan çəkinməyib. Çox təəssüf ki, müharibə başlayandan bu yana altı milyondan çox suriyalı Türkiyədə sığınacaq tapsa da, əhali hələ də orada cərəyan edən proseslərin mahiyyətini anlaya bilmir.

Ancaq bir məsələ aydındır ki, Türkiyə üzləşdiyi təxribatlara baxmayaraq, Suriyanın şimalında nəzərdə tutduğu təhlükəsizlik zolağının qurulması üçün gərəkən qətiyyəti göstərəcək”.

A.Zeynalov