Suriyanın yeni dizaynı CIZILIR: “ABŞ PKK vasitəsilə “bazar”a girir”

“ABŞ ilə Türkiyə arasındakı münasibətlər Türkiyənin NATO-ya üzv olmasından sonra olduqca yaxşı bir səviyyəyə çatıb. Bununla yanaşı, Türkiyə Rusiya ilə də əlaqələrini inkişaf etdirərək bölgədə çox önəmli bir dövlət mövqeyinə yüksəlmişdir”.

Bu sözləri Yenicag.az-la söhbətində professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.

Analitik Suriyanın yenidən dizayn edilməsi məsələsində Türkiyə və ABŞ arasındakı anlaşılmazlıqları şərh edib.

Onun sözlərinə görə, Suriya məsələsində Türkiyə bir tərəfdən Amerika ilə, digər tərəfdən isə İran, Rusiya və Əsəd blokuna qarşı balanslı bir siyasət həyata keçirərək, bütün bu tərəflərə qarşı öz müstəqil siyasətini davam etdirmişdir:

“2019-cu ildə Türkiyə ilə Amerika arasında gərginlik yaranması Türkiyənin təhlükəsizlik məqsədilə həyata keçirdiyi bir əməliyyat nəticəsində baş vermişdir. Artıq hər kəs bilir ki, Amerikanın Orta Şərqdəki prioritetləri Türkiyə ilə uyğunluq içində olduğu müddətcə uğurlu ola bilər. Buna görə də Amerika, Türkiyəni öz tarazlığının bir hissəsi kimi saxlamaq üçün zaman-zaman Türkiyənin prioritetlərini müzakirə mövzusu edir. Orta Şərqdə həm sovet təsirində olan Bəəs rejimi çökərkən, həm də 70-ci illərin marksist terror təşkilatlarının təsirsiz hala gətirilməsi zəruridir”.

“Bu nöqtədə Amerika PKK, PYD və YPG kimi terror təşkilatları vasitəsilə Türkiyə ilə bir növ “danışıqlar bazarına” daxil olmuşdur. Bəəs rejiminin təsirini itirdiyi şəraitdə onların dəstəklədiyi terror təşkilatlarının Suriyanın ərazi bütövlüyünü pozmağa cəhd etməsinə Amerikanın dəstək verməsi qəbuledilməzdir. Buna görə də Amerika, Türkiyəyə qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməli və Suriyada konstitusiyaya əsaslanan bərabərhüquqlu dövlət quruluşunun formalaşmasına dəstək verməlidir” – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov