Sürücü körpəli qadın üçün qapını açmadı: Uşaq arabası ilə avtobusa minmək qadağandır?

194 nömrəli avtobusun sürücüsünün uşaqlı sərnişinə qarşı davranışı etiraz doğurub.

Yenicag.az xəbər verir ki, artıq bir neçə gündür Bakıda qarlı-buzlu hava şəraiti hökm sürür. Ötən gün səhər saatlarında sərnişin “kolyaska” (uşaq arabası) ilə Qobu Park yaşayış kompleksi-20 Yanvar metrosu istiqamətində hərəkət edən 194 nömrəli avtobusa minmək istəsə də, sürücünün kobud davranışı ilə qarşılaşıb. Belə ki, sürücü avtobusda “kolyaska” üçün yer olmadığını bildirərək sərnişinin avtobusa minməsinə imkan verməyib. Lakin redaksiyamıza daxil olan şəkildən avtobusun arxa hissəsində boş yerin olduğu görünür. Vətəndaş haqlı olduğunu iddia etsə də, sürücünün bu davranışına yanaşma birmənalı deyil.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkədə avtobus parkının tamamilə yenilənməməsi köhnə avtobuslarda bu cür problemlərin sıx şəkildə yaşanmasına yol açır:

“Əslində qeyd olunan problemlə bağlı şikayətlərə sıx rast gəlinir. “Yol hərəkəti haqqında” qanunda “kolyaska”lı sərnişinləri nəzərdə tutan xüsusi maddə və ya bir bənd yoxdur. Ona görə də əgər avtobusda xüsusi imtiyazlı vətəndaşların getməsi üçün texniki parametrli yer yoxdursa, sərnişin sürücünü günahlandıra bilməz. Sadəcə “kolyaska”nı büküb əl yükü halında avtobusla aparmaq olar. Bu, sərnişinin və avtobus sürücüsünün qarşılıqlı təması nəticəsində baş verə bilər. Ümumilikdə son 5 ildə ölkəyə gətirilən avtobuslarda xüsusi imtiyazlı sərnişinlərin digər sərnişinlərlə birgə marşrutdan istifadə edə bilməsi üçün yerlər mövcuddur. Yaxşı olardı ki, ölkədə fəaliyyət göstərən bütün avtobuslar yeniləri ilə əvəz olunsun. Bu halda sərnişinlər məlum neqativ hallarla üzləşməzlər”.

Gülşən Şərif