Sürücülərə sığorta sürprizi – O haqqları əllərindən alındı

avariyaQəza baş verdikdə sürücü dəyən ziyanı həm özünün, həm də onun vuranın sığortalandığı şirkətdən tələb edə bilər

Dünən Milli Məclis «İcbari sığortalar» haqqında Qanuna bir neçə maraqlı dəyişiklik edib. Dəyişikliklərdən biri yol-nəqliyyat hadisəsində zərərçəkmiş şəxsin sığorta ödənişi almasının asanlaşdırılmasına yönəlib. Avtosfer.az sürücülər üçün anlaşılan olsun deyə, həmin dəyişiklikləri sadə dildə oxucuların diqqətinə çatdırır. Dəyişikliyə əsasən, Qanunda göstərilən şərtlər olduqda zərərçəkmiş sürücü özünə dəyən zərərin əvəzi kimi sığorta ödənişini öz məsuliyyətini sığortalatdığı şirkətdən də ala bilər. Başqa sözlə, belə şərtlər olduqda zərərçəkmiş sürücü sığorta ödənişini almaqda seçim hüququ qazanır. O, ödənişi təqsirkar sürücünün məsuliyyətini sığortalamış şirkətdən, yaxud da öz məsuliyyətini sığortalatdığı şirkətdən ala bilər. Belə seçim hüququ konkret aşağıdakı şərtlər olduqda yaranır:

1) yol-nəqliyyat hadisəsində iki avtonəqliyyat vasitəsi iştirak etmiş olmalıdır;

2)  hər iki avtonəqliyyat vasitəsi ilə bağlı bu mülki məsuliyyətin icbari sığorta müqaviləsi olmalıdır;

3) zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (onların birinə və ya hər ikisinə) dəymiş olmalıdır.

Qanuna edilmiş ikinci maraqlı dəyişiklik icbari sığorta müqaviləsi bağlayarkən ödənilən sığorta haqqının məbləği ilə bağlıdır. Qanunda birbaşa göstərilir ki, qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır. Bu, o deməkdir ki, avtomobil sahibi öz mülki məsuliyyətini sığortalatdırarkən sığorta şirkəti tərəfindən ona hər hansı güzəştin edilməsi, qanunda nəzərdə tutulduğundan aşağı və ya yuxarı məbləğdə haqq alınması, həvəsləndirmə tədbiri kimi hədiyyə verilməsi qəti qadağandır. Yəni sığorta olunandan məhz qanunda nəzərdə tutulan məbləğdə haqq alınaraq onunla müqavilə bağlana bilər.