Bu saata qədər Bakı yollarında hər hansı nəqliyyat hadisəsi qeydə alınmayıb.
Bunu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. O qeyd edib ki, paytaxt yollarında vəziyyət həmişəkindən də yaxşıdır: “Bu, dövlət yol polisi əməkdaşlarının yerlərdə nəzarəti gücləndirməsi və xidmət aparması ilə əlaqədərdir. Əsas da ərazidə avtomabillərin park edilməsinin mümkünsüzlüyü ilə bağlı dünən verdiyimiz informasiya bu gün vətəndaşlarımız tərəfindən doğru-düzgün yerinə yetirilir. Məscidlərə gəlib-gedənlərin hədsiz dərəcədə çox olması hərəkətə maneə yaratmır. Həmçinin Bakıda hər hansı sıxlıq, tıxac müşahidə edilmir”.
V.Əsədov havanın yağışlı olmasını nəzarə alaraq sürücülərə xəbardarlıq edib: “Hazırda Bakıda yağışlı hava şəraiti hökm sürür. Yollarda avtomobillərin sürüşmə ehtimalı var. Yağışlı hava şəraitində avtomobil idarə edən sürücülər diqqətli olsun, sürət həddini minuma endirsin, ara məsafəsini normadan artıq saxlasınlar. Diqqəti yayındıra biləcək hərəkətlər edilməməlidir”.