Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sürücülərin nəzərinə: Əgər karantin vaxtı texniki baxışla bağlı SMS gəlibsə...

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib.

Bu il texniki baxışdan keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələrinin təxminən 45 faizi hələ də bu prosesə cəlb edilməyib. Bəzi sürücülərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir.

Ölkədə yenidən sərt karantin tətbiq edildiyi üçün sürücülərin avtomobili texniki baxışa necə cəlb edəcəyi məsələsi gündəmə gəlir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev Sputnik Azərbaycan-a bildirib ki, karantin dövründə SMS icazə ilə evdən çıxmaq mümkündür və hər kəs 3 saat müddətində avtomobilini texniki baxışdan keçirə bilər. Əgər sürücü avtomobili texniki cəhətdən saz vəziyyətə gətiribsə, texniki baxışdan keçirmək prosesi maksimum 15-20 dəqiqə vaxt aparır.

Nazirlər Kabinetinin 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, vətəndaşlar sərt karantin dövründə dövlət xidmətlərindən istifadə edərkən hər hansı gecikmə halları yaranarsa, o zaman həmin vətəndaşa bununla bağlı arayış veriləcək. Bu arayış təqdim edildiyi təqdirdə heç kim yolda karantin qaydasını pozduğuna görə cərimə edilməyəcək. Yəni bu xidmətlərdən istifadə etmiş vətəndaş hər hansı səbəbdən ləngiyərsə, o halda ona geriyə, yaşayış yerinə qayıtmasını müəyyən edən müvafiq arayış veriləcək.

N.Piriyev əlavə edib ki, xüsusi texniki vasitələr işləyir və nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdikdə cərimə tətbiq ediləcək:

“Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman çalışıb 20 gün ərzində avtomobili texniki baxışdan keçirsinlər. Maşından istifadə edirlərsə, düşünürəm ki, 3 saatlıq harasa gedəndə texniki baxışa da vaxt ayırmaq olar. Nəzər almaq lazımdır ki, yolda xidmət edən əməkdaş kimisə nəzərə alsa belə, kameralar heç kimi nəzərə almır və qayda pozulduğu halda cərimə yazılacaq”.

Şöbə rəisi onu da əlavə edib ki, hazırda Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir. Növbə də yoxdur deyə rahat şəkildə hər bir şəxs avtomobilini texniki baxışa təqdim edə bilər.

“Yeri gəlmişkən, apardığımız araşdırmalara görə, bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Bir daha qeyd edirik ki, texniki baxış vaxtı avtomobilin nə vaxt alınması ilə deyil, nə vaxt istehsal olunması ilə hesablanır”, – o, deyib.

Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir. İstisna hallar da var. Bu da onunla bağlıdır ki, yeni qaydalara görə, hər bir nəqliyyat vasitəsi ötən il hansı ayda texniki baxışdan keçirilibsə, bu il həmin ayın həmin günündə texniki baxış müddəti bitir. Qanunla, həmin maşının texniki baxışdan keçirilməsinə əlavə olaraq 20 gün vaxt verilir.

Texniki baxışla bağlı bütün bilgiləri əldə etmək üçün Asanpay.az saytında elektron kabinet yaratmaqla SMS məlumat əldə etmək və texniki baxışın tarixçəsinə nəzarət etmək mümkündür.

www.yenicag.az

190