!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şuşa, biz gəldik” - Uşaq Filarmoniyası 30 yaşını qeyd etdi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi münasibətilə təntənəli yubiley konserti keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının zalında gerçəkləşən təntənəli konsert proqramı ilə Uşaq Filarmoniyasının 30 illik yubiley konserti qeyd olunub.

Yubiley konsertində Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının professoru Lalə Hüseynova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyyətinin sədri Fərid Şəfiyev, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru Sərdar Fərəcov və digər rəsmi nümayəndələr, incəsənət xadimləri iştirak ediblər.

“Bacarıqlı əllər” rəsm dərnəyinin istedadlı gənclərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Həmçinin uşaq filarmoniyasının nəzdində fəaliyyət göstərən uşaq xalq çalğı alətləri ansamblı və ansamblın solistləri qonaqlara ruhumuzun qidası olan muğam və xalq mahnılarımızdan parçalar ifa ediblər.

Proqramın bədii hissəsində nazir Anar Kərimov çıxış edərək Uşaq Filarmoniyasının bu illər ərzində keçdiyi yola nəzər salıb. O, çıxışında mədəniyyətin önəmindən, bu istiqamətdə xüsusi rolu olan mədəniyyət ocaqlarının rolundan bəhs edib. Bu sırada olan Dövlət Uşaq Filarmoniyasının əməyini, gördüyü vacib işləri də xüsusi vurğulayıb. Çıxışının sonunda Uşaq Filarmoniyasının bütün kollektivini, başda Dilarə Əliyeva olmaqla 30 illik yubiley və qarşıdan gələn 28 may – Müstəqillik günü münasibəti ilə təbrik edib.

Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva qonaqları salamlayaraq bu ilin önəmini xüsusiylə qeyd edib. Dilarə Əliyeva yubiley konsertinin adının da təsadüfi deyil, məhz Şuşa ili ilə əlaqədar olaraq seçildiyini vurğulaylb:

“Bu ilin qazanılması məhz şəhidlərimizin və cənab Ali Baş Komandanımız İlham Əliyevin sayəsində baş tutub. Mən bütün şəhidlərimizin qarşısında baş əyirəm”.

Daha sonra filarmoniyanın mədəni həyatında xüsusi rolu olan, öz işlərini layiqincə yerinə yetirən müəllimlər, bədii heyət – Cahangir Zülfüqarov Oqtay oğlu (bədii rəhbər), Nigar Zeynalova Nazim qızı (uşaq foklor mahnı və rəqs ansamblının bədii rəhbəri), Qönçə Mehdiyeva Pəhlivan qızı (uşaq xalq çalğı alətləri ansamblının bədii rəhbəri), Mətanət Məmmədova Dəyanət qızı (vokal sinfi üzrə konsertmeyster), Leyla Muradzadə Rauf qızı (xormeyster), Leyla Aslanova Hacıağa qızı (vokal üzrə repititor), Elmira Hümbətova Namiq qızı (ansambl artisti, Aysel Mehdizadə Ramiz qızı (uşaq xor kollektivlərinin bədii rəhbəri) Anar Kərimov tərəfindən fəxri fərmanla təltif olunublar.

Proqram rəqs kollektivinin ifasında “Şən Azərbaycan” (P.Bülbüloğlu) mahnısı ilə başlayıb. Daha sonra bir-birinin ardınca kollektivin ifasında səslənən rəqslər tamaşaçıları sanki dünyanın bir çox ölkələrinə səyahətə aparıb. Teatrın sehrli aləmi ilə qidalanan, musiqi alətlərimizin, muğamlarımızın ahəngini duyan balacalarımız səhnədə öz bacarıqlarını göstəriblər. Proqramda, demək olar ki, filarmoniyada fəaliyyət göstərən bütün dərnəklər çıxış edib.

Sonda təntənəli final rəqsi ilə bütün iştirakçılar səhnəyə çıxaraq dalğalanan Azərbaycan bayrağının müşayiəti ilə ifalarını sona çatdırıblar.

Qeyd edək ki, tədbirin informasiya dəstəkçilərindən biri də Yenicag.az saytıdır.

Cəvahir

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv