!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşa ilə bahara çevrilən payız - Araz Zeynalov yazır

!Reklam – Yazi

7 may 1992.

1-ci kursda olsam da, adətim üzrə mühazirəyə yenə gecikmişdim. Auditoriyaya daxil olduqda, professorun və tələbələrin yerlərində səssiz-səmirsiz əyləşdiklərini gördüm. Nə baş verdiyini anlamadan bu sükut hıçqırıq səsi ilə pozuldu. Tələbələr ağlayan qızı sakitləşdirməyə çalışırdılar. Yaxınlaşanda, ağlayan qızın Ağdamlı qrup yoldaşım Humay olduğunu gördüm. Kəndlərində (səhv xatırlamıramsa, Əlimədədli kəndi) ağır döyüşlərin getdiyi barədə xəbər almışdı. Onu çətinliklə təskinləşdirdik.

Tənəffüsdə isə ermənilərin Şuşaya hücuma keçdiklərini eşitdik. Qətiyyən narahat deyildik. Şuşa hər kəsin təsəvvüründə alınmaz qala idi. Bu dəfə də ermənilərin burnunu ovub geri oturdacağımıza şübhə etmirdik.

Növbəti mühazirəyə qatılmayıb küçəyə çıxdım. Tələbə lüksuna daxil olmasa da, taksi ilə Şəhidlər Xiyabanına gəldim. Milli Məclisin qarşısında bir dəstə adam aksiya keçirirdi. Onları kənardan 5-10 dəqiqə müşahidə edib piyada bulvara tərəf yönəldim.

Sahilə çatanda, rəhmətlik qardaşımın sinif yoldaşı, Texniki Universitetin yuxarı kursunda oxuyan Etibarla rastlaşdıq. Ayaqüstü hal-əhval tutub çayxanaya keçdik. O da Şuşanın coğrafi üstünlüyünü qabardaraq, şəhərin işğal oluna biləcəyini istisna etdi. Nikbin ovqatda çayxanadan çıxıb, bir-iki partiya bilyard da oynadıq.

Lakin axşama doğru Şuşadan gələn xəbərlər hər kəsin narahatlığını artırdı. Mayın 8-i, günün 1-ci yarısında şəhərin artıq ermənilərin əlinə keçdiyi haqda xəbərlər çoxaldı. “Vesti”nin saat 14-00 buraxılışını təqdim edən Svetlana Sorokina da Şuşanın süqut etdiyini təsdiqlənmiş məlumat qismində çatdırdı.

Axşama doğru olan-qalan ümidlər də tükəndi. Şuşanın işğalı üstümüzdə 28 il ləkə kimi daşıyacağımız fakta çevrilmişdi. Şuşanın itirilməsi ilə millət rəsmən sönmüşdü…

2020-ci il, noyabrın ilk dekadası.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum kampaniyası uğurla davam edir. Qüvvələrimiz cəbhənin cənub istiqamətində şimala doğru sürətlə irəliləyərək, Şuşanın qapısına dayanıblar. Noyabrın 6-da bölmələrimizin artıq Şuşaya girdiklərini təsdiqləyən xəbərlər gəlir. Sosial şəbəkələrdə əsgərlərimizin artıq Şuşada olduqlarını əks etdirən görüntülər yayılır. Ayın 7-də isə xarici mənbələr də Ordumuzun Şuşanı 28 illik işğaldan azad etdiyini bildirirlər.

Azərbaycan bu xəbərləri sevinc qarışıq təmkinlə qarşılayır. Hər kəs məlumatın rəsmi təsdiqini – prezident, Ali Baş Komandan İlham Əliyevin millətə müraciətini gözləyir. Bəli, Şuşanın azadlıq müjdəsi tvitə yerləşməyəcək qədər böyükdür…

Nəhayət, gün yetişdi. İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini noyabrın 8-də müqəddəs məkanımızdan – Şəhidlər Xiyabanından millətə duyurdu. Bu müjdə 28 il əvvəl işğal xəbəri ilə sönmüş millətin yeni dirilişi oldu. Bakı və bütün şəhər-kəndlərimizdə yaşanan coşqu bu günün dəyəri haqda tam təsəvvür yaradır…

28 ildir, çöhrələrdən çəkilməyən kədər, gözlərdən getməyən məyusluq, ürəkləri saran qubar qələbə müjdəsi ilə bir anda itib-batdı. Gerçəkdən, millətimiz dünyanın oxumaq və qəbullanmaq məcburiyyətində qaldığı bir tarix yazır.

Dirilişin mübarək, Azərbaycan!

www.yenicag.az

2125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv