Şuşa şəhərində salınacaq 23 binalı yaşayış massivinin 8 binasının inşası üzrə keçirilən açıq tender müsabiqəsinə yekun vurulub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Yenicag.az-a verilən xəbər görə, 9 şirkətin təqdim etdiyi təkliflər tender komissiyası üzvləri tərəfindən qiymətləndirilib və komissiyanın qərarı ilə “CONCO” QSC ilə məbləği 14 milyon 687 min manat olan müqavilələr bağlanıb.
Birinci müqavilənin məbləği 7 milyon 5 min manatdır. Müqavilə Şuşa şəhəri, Cənub yaşayış zonası-11, Blok-01/Yaşayış evi-1/Blok-A(Yeraltı dayanacaq ilə birlikdə), Blok-01/Yaşayış evi-2/Blok-B, Blok-01/Yaşayış evi-3/Blok-C, Blok-01/Yaşayış evi-4/Blok-D yaşayış binalarının tikintisini nəzərdə tutur.
İkinci müqavilənin məbləği 7 milyon 682 min 144 manatdır. Bu müqavilə Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-02/Yaşayış evi-5/Blok-E(Yeraltı dayanacaq ilə birlikdə), Blok-02/Yaşayış evi-6/Blok-F, Blok-02/Yaşayış evi-8/Blok-H(Yeraltı avtomobil dayanacağı ilə), Blok-02/Yaşayış evi-9/Blok-İ yaşayış binalarının tikintisini nəzərdə tutur.
Şuşa şəhərinin Baş planına əsasən, aparılacaq tikinti işləri üç və beşmərtəbəli binalar olmaqla müasir materialların istifadəsi ilə baş tutacaq və Şuşa şəhərinin iqlim şəraiti nəzərə alınacaqdır. Eyni zamanda, binaların zirzəmisində avtodayanacaq imkanı da olacaq.
Yeni yaşayış kompleksinin yerdə qalan 15 binasının inşası üzrə açıq tenderin keçirilməsi yaxın zamanlarda baş tutacaq. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təcrübəli tikinti şirkətlərini keçiriləcək növbəti tender müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
2015-ci ildə dövlət qeydiyyatına alınmış və 2000 manat nizamnamə kapitalı olan “CONCO” QSC-nin qanuni təmsilçisi İlham Şixseyidov Ağa oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev 81A, m.1/2/3-dür.