“Şuşada Mehtər marşı ilə hərbi paradın keçirilməsi Ermənistana və onun havadarlarına açıq mesajdır” – ŞƏRH
“8 may tarixi yerində qalsa da, artıq nə Şuşa erməni işğalındadır, nə də separatçıların “ordu”su qalıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlılarının gözlənilənlərin əksinə olaraq, parad yox, sıra düzülüşü etməsi, Azərbaycan ordusunun isə Şuşada bayram tədbirləri keçirməsini dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev səsləndirib.
Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan və Türkiyə bu bölgədə vəziyyəti gərginləşdirməkdə maraqlı olanların cavabını əzəmətli Mehtər marşı ilə verib:
“Şuşa küçələrində hərbi keçid zamanı Mehtər marşının səsləndirilməsi tək Ermənistana yox, bölgədə bu və ya başqa maraqları olan ölkələrə mesajdır. Türkiyə bununla dünyaya bəyan etdi ki, onun Qarabağdakı mövcudluğu uzunmüddətli olacaq. Bundan əlavə, Zəngəzur dəhlizi və digər məsələlərin həllində də Türkiyənin iştirakı qaçılmazdır”.
Rusiya sülhməramlılarının Xankəndində keçirdiyi tədbirə gəldikdə isə hərbi ekspert bunları deyib:
“O aksiyanı parad adalandırmayaq. Sadəcə, təntənəli sıra düzülüşü idi. Belə sıra düzülüşünü hərbi xidmətdə olan istənilən əsgər-zabit bilir ki, hər bir dövlətin təhlükəsizlik orqanları, güc strukturları bayram günlərində, həm də adətən, həftənin birinci günlərində sıra düzülüş keçirirlər. Həmin sıra düzülüşləri Rusiya sülhməramlılarının Xankəndində keçirdikləri tədbirdən heç nəyi ilə fərqlənmir.
O tədbirdə Rusiyanın bayrağı çıxarıldı, himni səsləndirildi, əsgərlər təntənəli marşla tribunanın önündən keçdilər. Orada diqqət çəkən məqam sülhməramlı kontinegntin komandanı Rüstəm Muradovun İkinci Dünya Müharibəsi ilə bağlı nitq söyləlməsi oldu. Paradı qəbul edən, onun komandanı belə yox idi. Yəni bu prosedurları Azərbaycanın ölkə xaricində xidmət keçən sülhməramlı qüvvələri də icra edirlər. Fikrimcə, həmin sıra düzülüşündə Azərbaycanın suverenliyi əleyhinə heç nə olmadı. Tam əksinə, Azərbaycan həmin Şuşa təşkil etdiyi hərbi parad erməniləri hədsiz dərəcədə narahat edib.
Yeri gəlmişkən, ermənilərin xaç, ikona, keşişlə 8 mayda Xankəndində keçirdikləri tədbirlərə bəzi şəxslər səhv yanaşaraq, bunu parad kimi təqdim edirlər. Ermənilər hər il 8 mayı Şuşanın işğal günü kimi və separatçı rejimin “ordu günü” kimi qeyd edirdilər. 8 may tarixi yerində qalsa da, artıq nə Şuşa erməni işğalındadır, nə də separatçıların “ordu”su qalıb. Əslində, orada hərbçilərin silahsız olması, ikona, xaç və keşişlərlə hərəkət etməsi bir hüzn mərasimi idi”.
Ədalət Verdiyev son günlər Qarabağda müharibənin yenidən alovlanacağı haqda dolaşan söhbətlərə də toxunub:
“Hazırda Şuşada çox ciddi inşaat işləri aparılır. Sabahdan orada “Xarı bülbül” Beynəlxalq Musiqi Festivalı başlayacaq, oraya bir neçə ölkədən nümayəndələr gələcək. Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Qarabağa səfər edəcəyi gözlənilir. Yəqin ki, Ərdoğanı geniş nümayəndə heyəti müşayiət edəcək. Bütün bunları nəzərə alıb mümkün təhdidlərin aradan qaldırılması üçün ərazidə təhlükəsizlik tədbilərinin gücləndirilməsi vacibdir. Düşünürəm ki, bu tədbirlər prosedur məqsədlidir. Baş verənləri hərbi əməliyyatların bərpasına hazırlıq kimi qiymətləndirmək doğru deyil”.
Səxavət Məmməd