Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşaya həsr edilən sənədli film ərsəyə gəlib.
Şuşa şəhərinin əsasının qoyulmasının 270 illliyi ərəfəsində Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2022-ci il tarixli sərəncamıyla 2022-ci ili Azərbaycan Respublikasında “Şuşa İli” elan edib.
“Bakı Vaxtı Xəbər Portalı” MMC bu yüksək təşəbbüsə qoşularaq, “Şuşa İli” və Şuşanın 270 illik yubileyi münasibətilə “Bu qala bizim qala” sənədli filmini hazırlayıb.
Ekran əsərində Şuşa şəhərinin tarixindən, coğrafi mövqeyindən, təkrarolunmaz təbiətindən, Şuşa mədəniyyətinin Azərbaycan və dünya mədəni irsinə verdiyi töhfələrdən, həmçinin onun Qarabağ xanlığı dövründən və Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan danışılır.
Filmdə Şuşa şəhərinin tarixinə qısa nəzər salınır:
-Şuşa qalasının tikilməsi və Qarabağ xanlığının paytaxtı elan edilməsinin Azərbaycanın və Türk-İslam dünyasının tarixi üçün önəmindən;
-Şuşanın mədəniyyət, təhsil, istirahət və şəfa mərkəzi kimi şöhrət tapdığı əsr yarımlıq bir dövrdən;
-Ermənistan-Azərbaycan münaqişəsinin başlaması ilə Şuşanın təhlükə altına düşdüyü, döyüşdüyü, Ermənistan Respublikası tərəfindən işğal olunduğu ağır illərdən;
-Azərbaycan xalqının Şuşa həsrəti və Şuşa ümidi ilə yaşadığı 10 410 gündən;
-44 günlük müqəddəs Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində Şuşa şəhərinin azad olunması ilə düşmən üzərində hərbi qələbəmizin tamamlanmasından;
-Şuşanın və Azərbaycanın Zəfər günü ilə başlanan yeni tarixi yüksəlişindən danışılır.
Sənədli filmdə qəhrəman Azərbaycan əsgərinin şücayətindən, mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından da söz açılıb.
“Bu qala bizim qala” sənədli filminin ideya müəllifi “Bakı Vaxtı Xəbər Portalı” MMC-nin təsisçisi İqbal Alısoy, ssenari müəllifi Seymur Şahbazov, rejissor Emil Babayev, redaktorlar Qalib İbrahimoğlu və Ramid İbrahimovdur.
“Bakı Vaxtı”nın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunan şəhərə öz sənət töhfəsini təqdim edir: