Tanınmış aşıq-müğənni nazirdən KÖMƏK İSTƏDİ: “İllərdir gözləyirəm ki…”

“Yaşamağa yerim yoxdur, kirayə də çıxa bilmirəm, çünki aldığım təqaüd pulu buna imkan vermir”.

Bu sözləri maddi durumunun ağırlığından çarəsiz vəziyyətə düşən tanınmış aşıq-müğənni, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva Yenicag.az-a açıqlamasında deyib.

İllərin sənət adamı bu gün üzləşdiyi laqeydliyə görə çox əziyyət çəkdiyini, sənətə birgə gəldiyi insanların çoxunun Xalq artisti fəxri adına layiq görüldüyünü, onun əməyinin isə hələ də qiymətləndirilməməsini təəssüflə bildirib:

“1972-ci ildən səhnədəyəm. Uzun müddət İslam Rzayevin rəhbərlik etdiyi ansanblda çalışmışam. Aşıqların 4-cü qurultayında birinci yerə layiq görüldüyüm üçün mənə aşıq-müğənni statusu verildi. Azərbaycanda yeganə aşıq-müğənni stutusu olan sənətçiyəm.

“Azkonsert” birliyində uzun illər fəaliyyət göstərdim. Azərbaycan mədəniyyətini, eləcə də aşıq sənətini dəfələrlə xarici ölkələrdə təmsil və təbliğ etmişəm. 2016-cı ildə, 61 yaşımda Əməkdar mədəniyyət işçisi fəxri adını aldım. Ancaq mənimlə eyni vaxtda sənətə gələnlər çoxdan Xalq artisti fəxri adını alıblar.

Mənimlə səhnəyə gələnlərin çoxu artıq Xalq artistidir. Layiq olanların hamısı alsın, paxıllıq etmirəm. Amma mən də illər sonra əməyimin bəhrəsini görmək istəyirəm.

Uzun illər fəaliyyət göstərdiyim “Qorqud” ansanblında işləyirdim, indi heç yerdə çalışmıram. Evim söküldü, heç konpensasiyamı da ala bilmədim. İndi yaşamağa yerim yoxdur, kirayə də çıxa bilmirəm, çünki aldığım təqaüd pulu buna imkan vermir.

Qızım ailəsi ilə bərabər kirayədə qalır. Mən də onun yanında yaşamaq məcburiyyətindəyəm. Heç vaxt qapı döyməyi sevməmişəm, qürurum buna imkan verməyib. Bəziləri kimi gündəmdə qalmaq üçün özümü reklam etməmişəm. Yalnız sənətimlə məşğulam. 44 günlük Vətən müharibəsinin gedişində “Qarabağ marşı”nı, həmçinin saysız-hesabsız vətənpərvər ruhlu mahnılar bəstələdim. Müdafiə Nazirliyinin bütün tədbirlərində o mahnılarla çıxış edirəm.

Mən də sənət adamı kimi diqqət, qayğı görmək, əməyimin bəhrəsini dadmaq istəyirəm. Bu yaşımda kiminsə qapısını döyəsi, kiməsə yalvarası deyiləm axı…

Qarşıdan prezident seçkiləri gəlir, mən ikiəllə Azərbaycana zəfər sevinci yaşadan qalib sərkərdə, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə səs verəcəm. 2003 və 2008-cü il prezident seçkiləri dövründə öz mahnılarımla insanların qarşısında çıxış etmişəm.

Qarabağ fatehi İlham Əliyev hər zaman sənətə və sənət adamlarına dəyər verib, onların qayğısına qalıb, gözəl şəraitdə yaşamalarını təmin edib. Mən xoşbəxtəm ki, onun rəhbərlik etdiyi bir ölkənin vətəndaşıyam. Onu da qeyd edim ki, 1998-ci ildə sənətimə yüksək dəyər verən Ulu Öndər Heydər Əliyevin qalib olduğu prezident seçkiləri çərçivəsində “Təbliğat-təşviqat qatarı”nda rayonlara getmişəm, sazımla-musiqimlə xalqın qarşısında çıxış etmişəm. Ulu Öndərin yüzilliyinə həsr etdiyim sözləri və musiqisi özümə məxsus olan “Türk dünyam“ adlı mahnımla bütün tədbirlərə qatılıram.

Bu gün də musiqimlə sözümü deməyə hazıram. Saytınız vasitəsilə Mədəniyyət Nazirliyinə müraciət edirəm ki, mənə diqqət ayırsınlar. İstəyirəm, mənə də ehtiyacım olan ev verilsin və dolanışığımı təmin etmək üçün Prezident təqaüdü alım. O siyahıda öz adımı görəcəyim günü illərlə gözləmişəm. İnanıram ki, yaxın günlərdə bu şad xəbər mənə də veriləcək. Axı bu, mənim halal haqqımdır”.

Cəvahir

COP29