Tacir Şahmalıoğludan müğənni oğluna QADAĞA: “Buna görə şərt kəsdim”

“Heç vaxt qalmaqal adamı olmamışam və oğluma da bərk-bərk tapşırmışam ki, nəbadə qalmaqala gedəsən”.

Bunu tanınmış müğənni Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında deyib.

Müğənni onunla bərabər sənət aləmində olan oğlu Şahmalıya qoyduğu qadağalardan danışıb:

“Oğlum 15 ildir musiqi aləmindədir. İlk dəfə sənətə gəlişində onunla şərt kəsdim. Dedim ki, oğlum atan heç vaxt ucuz yollarla özünə reklam qazanmayıb, dedi-qodu ilə gündəmə gəlməyib. Söz yox ki, qalmaqala çəkənlər də olub. Demişəm, oğlum bu sənətdir. Gündəmə gəlmək, reklam olunmaq üçün nəbadə əyri yollardan istifadə edəsən, qalmaqala gedəsən, kiminsə arxasınca bir söz danışasan. Qəti şəkildə bunu sənə qadağan edirəm. Qalmaqal sənət adamını hörmətdən salır. Əslində, bunu deməsəm də o, özü belə şeylərdən həmişə qaçıb”.

Uzun müddətdir ki, efirlərdə görünməyən sənətçi bunun səbəblərini də izah edib:

“Pandemiya məni “vurdu”, özü də çox bərk “vurdu”. Maddi sıxıntılar yaşadım. Sağ olsun dostlar, yaxşı oğlanlar, onların sayəsində bir ildən artıqdır ki, Rusiyada oluram. Orada toylara, məclislərə gedirəm. İki gündür ki, Bakıdayam. Birdəfəlik köçməmişəm. Çünki Azərbaycana çox bağlıyam, bura mənim Vətənimdir. Amma fəaliyyətim daha çox Rusiya ilə bağlıdır”.

Cəvahir