!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tahir Süleymanov: “Futbolumuza sərf olunan milyonlar kimlərinsə cibinə axıb”

!Reklam – Yazi

musahubef“Neftçinin sabiq vitse-prezidenti Tahir Süleymanov AFFA və PFL rəhbərliyi barədə şok iddia irəli sürüb.

T.Süleymanov Yeniçağ.Az-a açıqlamasında adı çəkilən qurumların və Elxan Məmmədovun gördüyü uğursuz işlərdən, israf olunan milyonlardan danışıb.

– “Qarabağ”a hakimlər tərəfindən göstərilən “ayı xidməti” kimin planı ola bilər?

– Ölkə çempionatında çıxış edən heç bir klub deyə bilməz ki, hakim səhvindən xal qazanmayıb və xallar itirməyib. Bu, ümumi problemdir. Hakimlər üçün yaradılan yüksək şəraitdən daha faydalı yararlanmaq lazımdır. Əliyar Ağayevin uğuru hər birimizi sevindirir, ümumilikdə isə hakim idarəçiliyi yüksəlməlidir. “Qarabağ” son illərin çempionudur və daimi olaraq qruplarda ölkəmizi təmsil edir. Bura “Qəbələ” klubunu da aid edərdim. Məlum 2013-cü il şuralaşma qərarından sonra hər iki klub buna getmədi və uğurlarının davamını gətirdilər. Təbii, belə münasibət şuralaşma qərarının arxasında duranlara sərf etmədi. “Qarabağ”ın uğurlarını hakimin adına çıxmaq, onun zəhmətinə kölgə salmaq məqsədlidir.

– Azərbaycan klublarının Avrokubokların qrup mərhələsində mütəmadi iştirak etməsi AFFA rəhbərliyini niyə narahat edir?

– Futbol ictimaiyyəti bilir ki, PFL yaranandan sonra federasiya ideoloqları çempionata nəzarəti itirmişdi. Bu illər ərzində “Neftçi”,”Qarabağ”,”Qəbələ” tarixi uğurlar qazanaraq, qruplarda oynamaq hüququ əldə etdi. Klubların nəticə qazanması federasiya cavabdehlərinə sərf etmədi. Ümumi futbolu deyil, şəxsi mənafelərini düşünən ideoloqlar klubların işinə müdaxilə etməyə başladılar. Bəzi klubların peşəkar idarə olunmadığı da bu “işə” təkan verdi. Futbol idarəçiliyində lazımı, inkişafa meylli qərarlar qəbul etmək əvəzinə məqsədli olaraq, klubların dağılmasına şərait yaratdılar.

– Klub futbolunun inkişafı fonunda milli komandanın uğur qazana bilməməsi bu narahatlığıın səbəbi ola bilərmi?

– Əsas məqsədlərdən biri bu idi. Qeyd etdiyim kimi, klubların davamlı uğuru fonunda millinin biabırçı çıxışı balansı pozmuşdu. Berti Foqtsa xərclənən milyonlar, Almaniyadan tutmuş Dubaya qədər yüksək ödənişli təlim-məşq toplanışları heç bir fayda vermirdi. Federasiya millinin və yaş qrupları üzrə yığmalarının iflasını ört-basdır etmək üçün xüsusi planla klubları “vurmağa” başladılar.

– AFFA-da bəzi şəxslərin butun klubları nəzarət altında saxlamaq istəyinin olduğu deyilir. Bu məlumat həqiqətə nə dərəcədə yaxındır?

– Az öncə də dediyim kimi, artıq üç ildir bu proses başlayıb. Klubların monopoliya şəklində özləri tərəfindən idarə olunması təmin edilir. Klublar müstəqil olmalıdır. Bu, FİFA və UEFA-nın lisenziyalaşdırma tələblərinə aiddir. Federasiyanın müvafiq qurumları qərarlar qəbul edərək klubların, uşaq futbolunun inkişafını təmin etmək əvəzinə bəzi aparıcı klubların dağılmasına biganə münasibət bəslədi. Çox yüksək maliyyə vəsaitinin olmasına baxmayaraq, son 12 ildə 10-dan çox klub dağıldı. Belə halların kütləviliyi futbol idarəçiliyində böyük problemlərin olmasından xəbər verir.

– AFFA-nın baş katibi Elxan Məmmədov hələ də millinin legionerləşdirilməsindən əl çəkmir. O, bununla nəyə nail olmaq istəyir?

– Bölgələrdə futbolun dirçəlməsini təmin etmək əvəzinə 10 ildir milliyə yarasız, dırnaqarası milliləşdirilmiş futbolçular cəlb olunur. Bu cəlbetmə Ladaqa, Qomeş, Axtyamovlardan başlayaraq Eddi, Pavel və digərlərinə qədər davam edir. Tək əsas milli deyil, təəssüf ki, uşaq futbolunda layihələr həyata keçirib, istedadları üzə çıxarmaq əvəzinə saysız-hesabsız legioner-yeniyetmər(!) yaş qrupları üzrə yığmalara cəlb olunur. Milyonlarla vəsait havaya sovrulur. Futbol idarəçiliyində ciddi islahatlar aparılmayana qədər, ayrılan milyonlar futbolun inkişafına yox, şəxsi mənafelərini üstün tutan insanların cibinə axacaq.

 

Aygün İlqarqızı
Yenicağ.az

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv