Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Taksi minik avtomobillərinin sürücülərinə dair yeni tələblər müəyyənləşir.
Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hazırda xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir. Layihəyə əsasən isə xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək. Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Taksi sifarişi operatorları tərəfindən nəqliyyat sahəsində qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.
Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi sifarişi operatorları tərəfindən “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilmiş tələblərin pozulmasına, yəni:
-Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına;
– hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədi ilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsinin təmin edilməməsinə;
-“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün tələb olunan sənədlərin daşıyıcılarda olmasına nəzarət edilməməsinə,
– icazəsi olmayan daşıyıcıya taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər on min beş yüz manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda layihəyə əsasən, icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.
Bu Qanun qəbul ediləcəyi təqdirdə 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarının necə həyata keçiriləcəyi açıqlanıb.
Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetiriləcək.
Həmçinin, layihəyə əsasən, Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.
Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
***
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər müəyyənləşir.
Yenicag.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, . taksi sifarişi xidməti telekommunikasiya vasitələrindən istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən şəxsdən sifarişi qəbul edib hamin daşımaları həyata keçirən şəxsə ötürülməsi ilə bağlı ödənişli xidmətdir. Taksi sifarişi operatoru taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar olacaq. Taksi sifarişi operatorları fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etməlidirlər. Taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların, o cümlədən sürücünün iş və istirahət rejimlərinə riayət olunmasına nəzarət məqsədilə sürücü barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin etməlidirlər.
Taksi sifarişi operatorları avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə və sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatın daşıyıcılarda olmalarına nəzarət etməlidirlər. Taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və müvafiq buraxılış kartı olmayan daşıyıcıya və ya sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağan ediləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi üçün hüquqi şəxs və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:
– sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqəsi;
– hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnaməsi;
– ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin, o cümlədən taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlər;
– avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənəd və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilə;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi hallarda müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması barədə məlumat;
– taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;
– sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;
– Lisenziyalar və icazələr haqqında” qanunamüvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).
Taksi sifarişi operatoru fəaliyyətinə icazə almaq istəyən hüquqi şəxslər və ya fərdi sahibkar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş sənədlərdən başqa, aşağıdakı sənədləri (skan edərək) və məlumatları elektron qaydada təqdim etməlidir:
– müraciət edən şəxsin internet informasiya ehtiyatı və taksi sifarişi operatoru fəaliyyəti üçün istifadə etdiyi bütün telekommunikasiya vasitələri, o cümlədən mobil tətbiqlər barədə məlumat;
– taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan Respublikasının ərazisində yerləşən filial və ya nümayəndəliyi barədə məlumat;
– Lisenziyalar və icazələr haqqında” qanuna müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edın sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunmalıdır).
Qeyd olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya müraciət edən şəxs tərəfindən təmin ediləcək.
İcazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada veriləcək. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə biləcək.
İcazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı veriləcək. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edəcək. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi ilə bağlı inzibati icraat “Lisenziyalar va icazələr haqqında” və “inzibati icraat haqqında” qanunlara uyğun olaraq həyata keçiriləcək. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Yeni buraxılış kartının verilməsi haqqında müraciətə “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə baxılacaq.
Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək.
Avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edə biləcək. Məhdudiyyətlər tətbiq edilməzdən 60 (altmış) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müvafiq əsasları göstərməklə, mediada məlumat verməlidir.
Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetiriləcək. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi qadağan ediləcək.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
Taksometr taksi minik avtomobilinin qət etdiyi məsafəni və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən, taksi minik avtomobili üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi ölçü cihazı və ya proqram təminatıdır.
Qeyd edək ki, hazırda qüvvədə olan qanunda taksi sifarişi operatoru yer almayıb. Taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə verilmiş xüsusi razılığın (lisenziyanın) şərtləri sırasındadır. Xüsusi razılıq (lisenziya) almaq üçün hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən lisenziya verən dövlət orqanına Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır.
Xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 il müddətinə verilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir. Nəqliyyat xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomobil nəqliyyatı ilə daşımaların və ya avtonəqliyyat vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın (lisenziyanın) yaxud lisenziya kartlarının sayına məhdudiyyətlər tətbiq edilə bilər. Müvafiq icra hakimiyyəti orqanı məhdudiyyətləri tətbiq etməzdən 60 gün əvvəl mediada məlumat verir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçmiş taksometrin göstəriciləri üzrə, ödəniş əsasında yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir.
Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.