Taksi sürücüləri bu gündən cərimələnəcək? – AÇIQLAMA

“Dünəndən yayılan məlumatların əksinə olaraq, 1 yanvardan taksi sürücülərinə heç bir yeni cərimə yazılmayacaq”.

Yenicag.az xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bunun səbəbi də çox sadədir:

“Taksi fəaliyyətində müxtəlif qanun pozuntularına görə yeni cərimələr formal olaraq bu gündən qüvvəyə minsə də, tətbiq edilə bilməyəcək. Ona görə ki, taksi fəaliyyəti üçün yeni icazə sistemi hələ işə düşməyib. AYNA yeni sistemi tam işə salmalıdır, bu fəaliyyət üçün buraxılış vərəqələri və buraxılış kartları verilməlidir. Yalnız ondan sonra bu vərəqə və kartı almadan fəaliyyət göstərənlərə cərimə yazılması mümkün ola bilər. Hələlik heç kimə buraxılış vərəqəsi, buraxılış kartı verilməyib və verilmir. Hətta bu vərəqə və kartın verilməsinin bütün şərtləri (bütün tələblər) hələ tam hazır deyil. Onların verilmə proseduru da  tam müəyyən edilməyib (yəqin ki, xüsusi elektron portal üzərindən rəsmiləşdirmə həyata keçiriləcək). Qeyd etdiyim məsələlərə tam aydınıq gətirilib, texniki məsələlər də həll edilənədək heç kimə yeni cərimələr yazıla bilməz və yazılmayacaq”

Ekspert bir məsələni xüsusi vurğulayıb ki, taksi sürücüsü üçün 2000 manatlıq cərimə ümumiyyətlə mövcud deyil:

“Belə böyük məbləğli cərimələr yalnız taksi sifarişi operatorları (aqreqatorlar) və taksi şirkətləri barəsindədir. Taksi sürücüsü barəsində buraxılış kartı olmadan bu işlə məşğul olmağa görə cəmi 50 manat cərimə nəzərdə tutulur. Eyni sürücü bunu il ərzində təkrar törətdikdə isə 80 manat cərimə var. Taksi sürücüsünə bundan artıq cərimə nəzərdə tutulmur. Digər tərəfdən, hələlik bu yeni cərimələri tətbiq edəcək dövlət orqanı da müəyyən edilməyib. Bu barədə Prezidentin fərmanı ilə İXM-in tətbiqi barədə Fərmana dəyişiklik olmalıdır. Həmin dəyişiklik də yoxdur. Ən əsası, hələlik bu cərimələrin heç biri tətbiq edilə bilməyəcək. Taksi fəaliyyəti ilə məşğul olanlar qorxmasınlar. Lakin işin gedişini izləsinlər və sistem işə düşəndə sənədlərini qaydasına salsınlar”.

COP29