Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilən “Tibbi sığorta haqqında” qanuna əsasın Azərbaycanda taksi sürücüləri minimum əməkhaqqının 4 faizi miqdarında (12 manat) icbari tibbi sığorta haqqı ödəyəcəklər. İcbari tibbi sığorta haqqının “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.
Nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında yeni qanunu şərh edərək, dünya ölkələrində bu prosesin çoxdan həyata keçirildiyini bildirib. Ekspert bu sahədə boşluq olduğunu və yeni qanun layihəsinin bu boşluğu dolduracağını vurğulayıb:
“Bütün sahələrdə işçilərin tibbi sığortasının təmin edilməsi məsələsi öz əksini tapır. Taksi sürücüləri ilə bağlı bu sahədə bir boşluq var idi. Bu boşluğun aradan qaldırılması üçün qanun layihəsi Milli Məclisə təqdim edildi. Çünki taksi sürücüləri ilə bağlı vergi, sosial ödənişlər fərqli formada yığılır. Bununla bağlı standart rəqəmlər var. Gəlirə görə hər hansı dəyişiklik baş vermir. Tibbi sığorta məsələsi isə açıq qalmışdı, bunu da yeni layihə ilə tənzimlədilər. İstənilən sahədə fəaliyyət göstərən şəxs gəlir əldə edirsə, vergi və digər sosial ödənişləri, o cümlədən də icbari tibbi sığorta haqqını ödəməlidir. Bu, dünyada baş verən bir prosesdir. Taksi sürücülərinin də bundan yararlanması yaxşı olardı. Düzdür, hələ ki, cəmiyyətimiz tibbi sığortadan tam yararlana bilmir, amma gələcəkdə bunun faydalarını görəcəyik. Əsas odur ki, qanunvericilikdə bu, öz həllini tapmalıdır”.
Cəvahir