Taleh Bağırovun həyat yoldaşı ilə bağlı QƏRAR – Cinayət işi

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.

Yenicag.az xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, Leyla İsmayılzadəyə qarşı açılan cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı olub.

Penitensiar Xidmət martın 21-də yaydığı məlumatda bildirilib ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib.

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Bu maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il cəza alıb. O, cəzasını Qobustan Həsbxanasında çəkir.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.

Məhkəmə Taleh Bağırovun cəzasını artıraraq, ona 18 il həbs verib.

Taleh Bağırova Qobustan Həbsxanasında qayda-qanunu pozub və ona qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb

Taleh Bağırov 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunub.

COP29