!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taleh Şahsuvarlı: “Onlar bəyanatın mətnini öz kompüterlərində hazır gətiriblər”

!Reklam – Yazi

Dünən ATƏT-in Müşahidə Missiyası 11 aprel seçkiləri ilə bağlı rəyini açıqladı. Doğrusu, həm mətbuat konfransında qısa müddətli müşahidə missiyasının koordinatoru Nilza De Senanın açıqlaması ilə tanış olduqdan, həm də seçkilərlə bağlı ilkin bəyanatın əhatəli versiyasını diqqətlə oxuduqdan sonra gəldiyim qənaət bu oldu ki,  beynəlxalq müşahidəçilər seçkiyə münasibətlərini öz bilgisayarlarında hazır gətiriblər.

Bildiyiniz kimi, ATƏT müxtəlif dövlətlərdə və vaxtlarda seçkiləri müşahidə edir, gözləmləri əsasında bəyənatlar, rəylər, təkliflər hazırlayırlar. Görünür, xanım Nilzanın müşahidəçiləri canlarına cəfa verib Azərbaycanda gördükləri azad, ədalətli və şəffaf seçkiyə münasibət bildirməyi məqbul saymayıblar, təmsil etdikləri ölkələrdə belə bu sayaq yüksək səviyyədə seçki təşkil edilməməsinin şokundan çıxa bilməyiblər, əvəzində bilgisayarlarında hazır olan, kim bilir hansı ölkədə keçirilmiş səsvermə ilə bağlı rəylərini “copy-paste” edib ölkəmizin əleyhinə olan qüvvələr üçün bəhanə “istehsal” ediblər.

Bəli, bu bəyanatla tanış olduqdan sonra tam səmimiyyət və qətiyyətimlə bildirirəm ki, irəli sürülən iddiaların mütləq əksəriyyəti Azərbaycana aid deyil, ümumiyyətlə bu bəyanatı tərtib edənlər seçki institutu və kampaniyası ilə bağlı heç bir dərin biliyi olmayan diletantlardırlar. Baxın, bəyanatdakı iddialardan çıxan nəticəyə görə, guya Azərbaycanda siyasətçilər bərabər seçki hüququna malik deyillər.  Bu, absurdun ən yuxarı həddi, Sizifin daş qaldırdığı təpənin lap zirvəsidir. Məsələ burasındadır ki, hüquq anonimdir. Hüquq qarşısında heç bir insanın adı, atasının adı, soyadı, vəzifəsi yoxdur. Bu, ümumi mahiyyətdir, istisnasız olaraq dünyanın hər yerində belədir. Bizim ölkəmizdə, məsələn, Milli Şuranın 2013-cü il prezident seçkilərində namizədi olmuş Cəmil Həsənli hansı hüquqla yarışa qatılmışdısa, AXCP sədrinin sabiq müavini Razi Nurullayev də 11 aprel 2018-ci ildəki səsvermədə eyni hüquqla iştirak edirdi. Cəmil Həsənlinin seçkilərdə namizəd olaraq iştirak etmək hüququ ilə Razi Nurullayevin, Razi Nurullayevlə  Fərəc Quliyevin hüquqları arasında heç bir fərq olmadığı kimi, Azərbaycan prezidenti üçün xüsusi və əlavə yasalar yoxdur.  Belə bir ayrıcalığın olması nəinki praktiki, hətta nəzəri baxımdan da mümkün deyil. Elə bu səbəbdən də açıq deyilməlidir ki, hazırlanan bəyanat müəlliflərin savadsızlığından xəbər verir.

Əlbəttə, seçki- emosional şərait deməkdir, bu şəraitdə istər namizədlər və onların tərəfdarları, istərsə də seçkini təşkil edən qurumun nümayəndələri bu və ya digər səhvlərə, qanun pozuntularına yol verə bilərlər. Azərbaycan hakimiyyəti də məhz bu ehtimalı nəzərə alaraq ATƏT müşahidəçilərini ölkəmizə dəvət etmiş, bununla onların izləmlərində qeyd olunacaq faktların gələcək seçkilərdə təkrarlanmaması niyyəti güdmüşdülər.  Bu yüksək və pozitiv maraq qarşısında gəlin görək ATƏT müşahidəçiləri nə deyir? Deyirlər ki, seçki qanunvericiliyində Azərbaycanda 10 il daimi yaşamamış şəxslərin prezidentliyə namizəd olmaq hüququ verilməməsi beynəlxalq öhdəliklərə və təcrübəyə ziddir. Demokratiyanın beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında hər hansı bir şəxsin prezidentliyə namizəd ola bilməsi üçün fasiləsiz olaraq 14 il həmin ölkədə yaşaması şərtdir. Yəni seçkilərə üç-dörd il qalmış hər hansı desantın Fransadan, Almaniyadan, Rusiyadan ABŞ-a atılaraq prezidentlik yarışına qatılması mümkün deyil və dövlət adına doğru olan da budur. Amma ATƏT müşahidəçiləri bir dəfə olsun səsləniblərmi ki, eyy Vaşinqton, sizin seçki qanunvericiliyinizdə ABŞ-da 14 ildən az yaşamış vətəndaşın prezident seçkilərinə qatılmaq hüququnun olmaması beynəlxaq hüquq və təcrübəyə ziddir?

Başqa bir misal. Bəyanatda qeyd olunur ki, guya Azərbaycanda sosial şəbəkələr məhdudlaşdırılıb. Uzun aylarıdır ki, Azərbaycan hakimiyyəti, Prezidenti, onun ailəsi, yüksək səviyyəli dövlət məmurları ən kəskin tənqidlərə məruz qalır, nəinki tənqid, hətta ən ağır söyüşlərlə təhqir edilir. Kimin hesabına “ban” qoyulub Azərbaycanda? Ümumiyyətlə, görəsən bu “sosial media” söhbətini ATƏT müşahidəçiləri hansı faktlara əsasən ortaya atıblar? Eləcə də soruşmaq lazımdır: Seçki kampaniyası dövründə, hətta səsvermə günü Azərbaycanda jurnalistlərin həbs olunduğunu, saxlandığını qeyd edirsiniz. O hansı jurnalistdir, kimdir ki onu biz tanımırıq, belə bir faktdan xəbərsizik? Bəlkə daha öncələr “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun seçki kampaniyası dövründə azadlığa qovuşmasını sizə söyləmişlər və siz bundan qəzəblənərək faktı tamamilə əksinə interpretasiya etmisiniz?

İndi təqdim edəcəyim sitata xahiş edirəm diqqətlə nəzər yetirin, ATƏT-in bəyanatındandır:  “Bəzi müxalifət partiyaları seçkini boykot edərək onun rəqabətsiz mühitdə keçirildiyini iddia etdikləri halda, digər partiyalar seçkilərdə ümumiyyətlə iştirak etməmiş və bildirmişlər ki,  növbədənkənar seçki tarixinə qədər olan qısa müddət onların bu seçkilərdə birmənalı şəkildə iştirak etmələri üçün kifayət etmir”.

Bu rəydən çıxan nəticə budur: Azərbaycandakı prezident seçkilərində heç bir siyasi partiya iştirak etməyib. Halbuki vəziyyət fərqlidir və hətta demək artıq olardı ki, 11 apreldə adları səsverməyə çıxan namizədlərdən yeddisi siyasi partiya rəhbəridir. Həmin partiyalardan bir neçəsi- YAP, BAXCP, ASDP- nüfuzlu beynəlxalq siyasi partiya ittifaqlarının üzvüdür. Əlbəttə, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycanda seçkilərdə səkkiz namizəd iştirak etdiyini, onlardan birinin qadın olduğunu bəyan etməsindən sonra bu cür hallünasiya elementlərinə təəccüblənməyə dəymir. S. Şennakın məlum bəyanatından sonra Qərb müşahidəçilərinin qalan söyləmlərinə əhəmiyyət vermək yersiz çıxır. Ancaq yenə də bəzi məqamlara münasibətimizi açıqlayaq.

Bəyanatda dəfələrlə qeyd olunur ki, seçkilər zəif ictimai marağa və iştiraka səbəb olmuşdur. Seçkilərə ictimai marağın ifadəsi səsvermədə iştirak əmsalıdır. MSK-nın açıqladığı rəqəmlərə görə, Azərbaycanda səsvermə hüququ olan vətəndaşların 70 faizindən çoxu dövlət başçısı seçmək üçün məntəqəyə gedib. Bir çox dairələrdə səsvermə növbələrinin yaranması barədə də foto və video çəkilişlər var. Həmin vətəndaşları səsvermə məntəqəsinə kimsə də təzyiqlə, hədə-qorxu ilə gətirməyib. Bunun əksini iddia etmək yalançılıq, riyakarlıq, qərəzlilikdir. Belədə nədən ictimai maraq və iştirak məhdud olmuşdur yazırsınız, ledilər və centlmenlər? Skandinaviya ölkələrində seçki hansı ab-havada, yüksək siyasi mədəniyyət çərçivəsində keçirsə, Azərbaycanda da eyni atmosfer yaranıb. Bundan niyə narahat olursunuz ki? Sizin narahat olmalı olduğunuz məqam başqadır. Qarabağ münaqişəsinin sülh yolu ilə həllini öz üzərinə götürmüş Minsk qrupunuzun turist bürosuna dönməsi Azərbaycan vətəndaşlarında bir qurum olaraq sizə qarşı istehza və nifrət yaradıb.  Azərbaycanda Qərb dəyərlərinin devalvasiyana rəvac verən məhz sizin öz fəaliyyətiniz, bu cür saxta və əsassız yanaşmalarınız, ikili, üçlü standartlarınızdır.

Taleh Şahsuvarlı

www.yenicag.az

2197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv