“Rusiya Ermənistana onun orbitindən çıxmasına imkan verməyəcək”.
Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan Ermənistana Fransa Müdafiə Nazirliyinin jandarmalarının gəlməsi və buna Rusiyanın cavabını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Rusiya Ermənistanın bu hərəkətini cavabsız qoymayacaq:
“Ermənistan KTMT-nin üzvüdür. Həm də Rusiyanın yaxın dostu və müttəfiqidir. Ərazilərimiz rusların böyük dəstəyi ilə Ermənistan tərəfindən işğal olunmuşdu. Ordumuz illər ərzində gücləndi və həmin ərazilərimizin böyük hissəsini işğaldan azad etdik. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov yaxın günlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etdi.
Ermənistan Baş naziri Nikol Paşinyan Qərb meyilli rəhbər sayılır. Paşinyan bir yandan Rusiya ilə münasibətləri yaxşı tutmaq istəyir, digər yandan da Qərblə əməkdaşlıq etmək niyyətindədir. Paşinyan müstəqil siyasət yürütmək istəyir, ancaq bu o qədər də asan məsələ deyil. Çünki Ermənistan dövləti Rusiyanın layihəsidir. Ermənistan Rusiyaya qarşı aqressiv davranmağa başlayandan rus mətbuatında da yazırlar ki, Ermənistanı Rusiya var edib, indi üzlərinə ağ olurlar.
Paşinyan Fransanın nümayəndə heyətini ölkəsinə buraxdı, daha sonra bu nümayəndə heyətinin sayı artdı. İndi isə Fransa Müdafiə Nazirliyinə tabe jandarmlar da Ermənistanda peyda olub. Ermənistan odla oynayır. Bir yandan KTMT üzvüdür, digər yandan isə NATO üzvü olan Fransa ordusunun nümayəndələrini ölkəsinə dəvət edir.
Hesab edirəm ki, Rusiya buna göz yummayacaq. Rusiyanın başı hər nə qədər Ukraynaya qarışsa da, öz işlərini görürlər. Ermənistandakı politoloqlar artıq dilə gəlib ki, Ermənistan dövlətinin taleyi sual altındadır. Bu həqiqətən də belədir. Rusiya Ermənistanı mütləq şəkildə cəazalandıracaq. Rusiya imkan verməyəcək ki, Ermənistan onun orbitindən çıxsın. Yeri gəlmişkən, Ermənistandakı Rusiya hərbi bazasının qalma müddəti 2040-cı ilə qədər uzadılıb. Ermənistan əgər Rusiyaya qarşı bir qədər də aqressiv olmağa başlasa, rəsmi Moskvanın ciddi cəzası ilə üz-üzə qalacaq”.
Səxavət Məmməd