Taleyi Türkiyədən asılı olan İKİ ÖLKƏ: “Putin İsveç və Finlandiyaya hücum etmə qərarı alsa…” – Politoloq

“Finlandiya və İsveç anladı ki, NATO üzvü olmaq istəyirlərsə, Türkiyənin şərtlərini qəbul etməlidirlər”.

Bunu İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ətrafında baş verən proseslər, Türkiyənin qərarlılığı və hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Finlandiya və İsveç NATO üzvü olmasalar, Putinin şıltaqlıqlarına dözməli olacaqlar:

“Qərb müttəfiqləri arasında münasibətlər həm müttəfiqlikdir, həm də rəqabət. Türkiyə çoxmillətli dövlətdir. Orada çoxlu sayda kürd yaşayır. Kürdlərin arasında müstəqil dövlət arzusu ilə alışıb yananlar var. Onlardan bəziləri prezident, bəziləri nazir olmaq istəyir. Onlar istəyir ki, kürd xalqını istismar etsinlər. Qərb dövlətləri bunu bilir. Həmin arzunu həyata keçirmək üçün maliyyə yardımı edirlər. Vaxtilə SSRİ Kürdüstan Fəhlə Partiyasını (PKK – red.) dəstəkləyirdi. SSRİ yoxa çıxandan sonra PKK-nı Qərb dövlətləri dəstəkləyir. NATO çərçivəsində Qərb ölkələri Türkiyə ilə müttəfiqdirlər. Ona görə də Türkiyənin düşməni olan qüvvələrə açıq dəstək verə bilmirlər. NATO üzvü olmayan, ancaq onlarla həmrəy olan Finlandiya və İsveçdən xahiş etmişdilər ki, kürd separatçılarına siyasi, mənəvi, maliyyə dəstəyi göstərsinlər.

Qərb demokratiyasına görə, dövlət hər şey deyil, əsas dəyər insandır. Bizdə əsas dövlətdir. Qərbdə insan əsasdır. Skandinaviya ölkələri dünyada az saylı demokratik ölkələrdəndir. Onlar da məmnuniyyətlə Türkiyənin təqibindən, təzyiqindən qaçan kürd fəallarına sığınacaq verirdilər. Onlara cəmiyyətlərində yerləşmək, iradələrini ifadə etmək şəraiti yaradırdılar. Kürdlər də bundan sui-istifadə edirdilər.

Türkiyə buna dözürdü. Çünki Finlandiya və İsveçə təzyiq etmək imkanı yox idi. Finlandiya və İsveç NATO-ya üzv olmaq istəyini bildirəndə Türkiyə hesab etdi ki, məqamdır. Bu zaman bildirdi ki, siz bizimlə müttəfiq olmaq istəyirsiniz, ancaq bizim dövlət suverenliyinə qəsd edən insanlara şərait yaradırsınız. Əgər şərtlərimizi qəbul etməsəniz, Türkiyə NATO-ya üzvlüyünüzə qadağa qoyacaq. Türkiyənin bu çıxışından sonra Finlandiya və İsveç insan hüquqlarından bəhs etdilər. Türkiyə də cavab verdi ki, insan hüquqları ilə separatçılığı qarışdırmayın. Gizli və açıq danışıqlar getdi. Sonda NATO-nun Baş katibi məcbur olub dedi ki, Türkiyə haqlıdır. ABŞ və digərləri də Türkiyənin mövqeyinə söz tapa bilmədilər. Axırda Finlandiya və İsveç anladı ki, NATO üzvü olmaq istəyirlərsə, Türkiyənin şərtlərini qəbul etməlidirlər. Əgər NATO üzvü olmasalar, Putinin şıltaqlıqlarına dözməli olacaqlar. Putin İsveç və Finlandiyaya hücum etmə qərarı alsa, heç kim ona hüquqi əsasda “yox” deyə bilməz. Seçim qarşısında qaldılar və qəbul etdilər. Ancaq ölkə daxilində insan haqları əsas dəyər sayılır. İnsan haqlarının tərəfdarları etirazlara başladılar. Onlarda hakimiyyət xalqdan asılıdır. Vətəndaş tənqid edəndə hökumət məcburdur ki, vətəndaşın rəyi ilə hesablaşsın. İsveçin Baş naziri məcbur olub bildirdi ki, geri addım atmayıblar, Türkiyənin əsaslı sübutlar olmadan tələb etmədiyi şəxsləri verməyəcəklər. İsveçin Baş naziri bir söz dedi, Ərdoğan başqa söz. Hesab edirəm ki, bu ölkələr öz aralarında razılaşacaqlar”.

Səxavət Məmməd

COP29