!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TALİBAN DOSYASI: ABŞ-nin qovulduğu Kabil Zəngəzur dəhlizi üçün niyə önəmlidir? - Aqil Ələsgər yazır

!Reklam – Yazi

Bu gün dünyanın gündəmində Taliban var. Hər kəs Talibanın cəmi iki həftəyə ölkəni yenidən necə nüfuzu altına almasını müzakirə edir. 20 ildən bəri ABŞ-nin himayə etdiyi əfqan ordusunun bu qrup qarşısında duruş gətirə bilmədiyindən danışılır. Bundan sonra hələ çox müzakirə mövzusu olacağı da görünməkdədir… O zaman bir az keçmişə gedək…

Pakistanın yetişdirdiyi “tələbələr”…

Taliban ərəbcə “talib” (tələbə) sözü ilə “-an” fars şəkilçisinin birləşməsi ilə “tələbələr” anlamına gəlir. Əgər sırf ərəbcəsi sizi maraqlandırırsa, Taliban “iki tələbə” anlamına gəlir. Çünki ərəbcədə, “tələbə”nin cəmi “taliban” deyil, “tüllabun”dur.

Bilindiyinin əksinə, Taliban 80-ci illərdə SSRİ-Əfqanıstan müharibəsi zamanı deyil, sovetlər dağılandan sonra – 1994-cü ildə yaranıb. Molla Məhəmməd Ömərlə Abdulqani Biradərin birlikdə qurduğu və özlərinə Əfqanıstan İslam Əmirliyi adını verdikləri “Taliban”ın yaranmasında ən böyük pay isə Pakistanın payına düşməkdədir.

Belə ki, sovetlər Əfqanıstanı işğal etdikdən sonra dönəmin Pakistan prezidenti Məhəmməd Zia-ul-Haq, SSRİ-nin Pakistana nüfuz etməsinin qarşısını almaq üçün dövlətinin kəşfiyyat qurumu olan Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) direktoru Aktar Abdurrahı Səudiyyə Ərəbistanına göndərdi. Bir müddət sonra CIA və Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsi (GID) Pakistan Xidmətlərarası Kəşfiyyat İdarəsi (ISI) vasitəsi ilə Əfqanıstan mücahidlərinə pul və silahlar çatdırdı.

Aqil Ələsgər

Beləcə 1980-ci illərdə Molla Məhəmməd Ömər də daxil olmaqla təxminən 90 min əfqana Pakistan xüsusi xidmət orqanları tərəfindən təlim keçildi və bu təlimlərin sayəsində əfqanlar sovetləri öz ölkələrindən qovmağa müvəffəq oldular.

Bir sözlə, “Taliban”ın quruluşunda iştirak edənlərin hamısı Pakistan-Səudiyyə Ərəbistanı-ABŞ dəstəkli Hizbi-İslam Xalis və ya Hərəkati-İnqilabi-İslamiyyə adlı mücahid qruplarında yer alıblar.

Ancaq “Taliban” bir təşkilat olaraq 1994-cü ildə, Əfqanıstanda sovetlərin adamı, Siyavuş Novruzovun yaxasına medal taxan Məhəmməd Nəcibullahın devrilməsindən sonrakı daxili qarşıdurmaların sonucu yaranıb. Pakistanın dəstəklədiyi Hikmətyar, İranın arxa çıxdığı Abdul Əli Məzari, Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi İttihadi-İslam bir-birini “yeyərkən”, Qəndəharda Molla Ömər liderliyində meydana çıxdılar və Kabilə doğru yürüdülər.

1996-cı ildə yenə də Pakistanın dəstəyi ilə hakimiyyəti ələ keçirdilər və 2001-ci ildə ABŞ müdaxiləsinə qədər hakimiyyətdə qaldılar.

“Taliban” Əfqanıstanda Hənəfi məzhəbinə və Molla Ömərin dini hökmlərinə uyğun şəriət və sərt cəza qanunlarını ciddi şəkildə tətbiq edərək İslam hökuməti qurmağa çalışdı. 1998-ci ilə qədər Əfqanıstanın 90% -ni Taliban Əmirliyi idarə edirdi.

Talibanın mərhələləri…

Bu arada da Pakistan Talibandan dəstəyini geri çəkmədi. Pakistanlı Əfqanıstan üzrə mütəxəssis Əhməd Rəşidə görə, “Təxminən 80-100 min pakistanlı 1994-1999-cu illər arasında Əfqanıstanda döyüş təlimi alıb və “Taliban” sıralarında döyüşüb”.

Təkcə 1997-ci ildə, “Taliban” Kabili ələ keçirdikdən sonra Pakistan Talibana 30 milyon dollar yardım və hökumət üzvlərinin maaşı üçün isə əlavə 10 milyon dollar verdi.

Ümumilikdə, “Taliban”ın fəaliyyəti aşağıdakı kimi təsvir olunur:

1. 1994-96-cı illər: Silahlı qruplaşma dönəmi
2. 1996-2001-ci illər: Hakimiyyət dönəmi
3. 2001-2021-ci illər: Dirəniş dönəmi.

Maraqlıdır ki, ABŞ Əfqanıstanı istila edərkən üzv sayı təxminən 45 min olan “Taliban” 2008-ci ildə 11 minə düşərkən, 2014-cü ildə 60 min tərəfdara sahib olub. İndi isə üzv sayının 200 mindən çox olduğu təxmin edilir.

Yəni NATO-nun Əfqanıstanın hər küncündə bombardman etdiyi “Taliban” bu müddət ərzində nəinki azalıb, əksinə, gücünə güc qatıb və 2001-ci ilə nisbətdə ən az dörd dəfə böyüyüb. Və bu gün artıq Kabil başda olmaqla Əfqanıstan yenidən “Taliban”ın nəzarətindədir.

ABŞ-nin səhvləri üzərində güclənən Taliban…

Niyə? Çünki ABŞ-nin bombalı demokratiyası və dəstəklədiyi Kərzai və ya Qəni hökumətləri korrupsiya batağından çıxmamaqla yanaşı, əşirətlərlə, bölgənin güclü ailələri ilə düzgün koordinasiya qura bilmədilər. Heç ABŞ də tam olaraq, Əfqanıstana sahib çıxmadı. Məsələn, “Taliban”a qarşı əfqan ordusunun hazırlanması üçün 88 milyard ABŞ dollarının xərcləndiyi deyilir.

Ancaq Türkiyənin əfqan əsilli professoru Əhməd Xan deyir ki, ABŞ əfqanlara birbaşa sərmayə yatırmayıb: “Məsələn, 100 dolları Əfqanıstandakı amerikalıya verirdilər. O 100 dolların 80 dolları amerikalının, 10 dolları da onun əfqan ortağının idi. Yerdə qalan 10 dollara iş görülürdü. Nəticə etibarı ilə sözdə ABŞ bir işə 100 dollar xərcləsə də, onun cəmi 10 dolları yerlərdəki əhaliyə çatır, 80 dolları isə geriyə qayıdırdı”.

88 milyard da tam da bu şəkildə xərclənib. Əfqan ordusuna xərclənir adı altında ABŞ-nin dollarları sağ cibdən sol cibə ötürülüb. Sonucda qazanan əfqan hökumət rəhbərləri olub. Korrupsiya ilə öz ciblərini doldurub, əfqan əşirətlərini görməzdən gəliblər. Nəticə də bir neçə ay öncəsinə qədər qapılarının önünə buraxmadıqları əfqan əşirətləri də 2001-ci ildə ABŞ-ni qarşıladıqları kimi “Taliban”ı qarşılayıblar.

Onların əksinə, “Taliban” 20 il əvvəl etdiyi səhvlərdən nəticə çıxararaq ən başlıca düşməni olan İran, Rusiya və Çinlə əlaqələr qurub.

İranın düşmənindən dəstəklədiyi gücə çevrilən “Taliban”

Maraqlıdır ki, 2001-ci ildə ABŞ Əfqanıstana hücum edərkən “Taliban”ın önəmli komandanlarının koordinatlarını NATO Ordusuna ötürən İran (Bunu sabiq İran prezidenti Rəfsəncani açıqlamışdı) sonrakı dönəmdə düşmən saydığı “Taliban”la paslaşmağa başladı. İran-Əfqanıstan sərhədlərindəki İŞİD təhlükəsi bu iki zidd qüvvəni daha da yaxınlaşdırdı. Yanlış oxumadınız. Məhz bir çoxları İŞİD-lə “Taliban”ı ortaq saysa da, əslində, iki radikal örgüt bir-birinin ziddidir və İran da, Rusiya da sərhədlərində İŞİD-dənsə “Taliban”ı görməyə üstünlük verirlər.

İŞİD ilə “Taliban”ın fərqi: İdeoloji və siyasi

Hər ikisi əbalı və saqqallı olsa da, İŞİD ilə “Taliban”ın düşmənliyi həm ideolojidir, həm də siyasi. Öncə siyasi tərəfindən başlayaq.

İŞİD özünü Dünyanın İslam Dövləti sayır və dünyada bir xəlifənin olacağını bildirir. Bir sözlə, “Taliban”ı da İŞİD-in xəlifəsinə beyət etməyə çağırır. Bunu qəbul etməyən “Taliban”ın narazı komandirlərini öz tərəfinə çəkərək bu qruplaşmanı zəiflədir və öz gücünə güc qatır. Yəni Suriya, İraq və Liviyadan sonra İŞİD Əfqanıstanda-“Taliban”ın nüfuz dairəsində güclənməkdəydi ki, bu nə qonşu dövlətlərin, nə də elə “Taliban”ın maraqlarına uyğun idi. Üstəlik, “Taliban”ın xarizmasını yerlə bir edirdi.

İdeoloji baxımdan da aralarında ciddi fərq var. Belə ki, İŞİD Sələfi cərəyanını dəstəkləyir, təsəvvüfü, yəni sufiliyi rədd edir, şiələri kafir hesab edib qətllərini vacib sayır. “Taliban” isə Hənəfi məzhəbinə bağlıdır, sufiliyə müsbət yanaşır, şiələrlə məzhəblə bağlı qarşıdurmadan uzaq qaçırlar.

Köhnə düşmənlər dost oldu

Məhz bu səbəblərdən İran sərhədlərində hər gün şiə başı kəsməkdən həzz alan İŞİD-i görməkdənsə, “Taliban”ı görməyə üstünlük verdi.

Bu səbəbdən də 2018-ci ildə Əfqanıstan-İran sərhədində savaşan “Taliban” döyüşçülərinin silahları İran istehsalı idi. Hətta onların İran İslam İnqilabı Keşikçiləri tərəfindən məhz İranda təlimdən keçirildikləri də üzə çıxdı. Açığı, 2018-ci ildən sonra İranın “Taliban” siyasətinin dəyişdiyini xarici işlər naziri Cavad Zərifin Hindistan televiziyasına verdiyi bu açıqlama ilə də görmək mümkündür: “Taliban Əfqanıstanın gələcəyidir”.

İran və Rusiya ilə yanaşı, yeni Talibanın arxasında bir də Çin var. Niyə Çin?

Çin Xalq Respublikasının sədri Xi Jinpingin 2013-cü ildə elan etdiyi layihənin adı: “Yi Dai Yi Lu”, yəni “Bir Kəmər, Bir Yol!” Yəni modern İpək Yolu ilə Çini əvvəl Orta Asiyaya, sonra Avropaya, Şərqi Afrikanı Aralıq dənizinə, sonra da dəniz yolu ilə Avropaya birləşdirəcək nəhəng bir layihədir. Bizim Zəngəzur proyektimiz də, əslində, Çinin o böyük layihəsinin mühüm nöqtələrindən biridir.

Məqsəd isə Çin iqtisadiyyatını daha da gücləndirmək və ABŞ ilə rəqabətdə daha da önə çıxmaqdır.

Təbii ki, ABŞ bu layihəyə qarşıdır və Əfqanıstan da bu yolda vacib bir mərkəzdir…

Çin ABŞ-nin nəzarətində olan bir Əfqanıstan istəmir. Bu səbəbdən də Çin artıq Talibanı çoxdan tanıyıb və dəstəkləyir.

ABŞ isə bölgədən çəkilməyib, qaçıb. Suriyadan sonra Əfqanıstanda da yerini Rusiyaya, Çinə, İrana buraxıb qaçıb. İndi Baydenin, “Bin Ladeni öldürməyə Əfqanıstana girmişdik”, – deyib, yalançı qəhrəmanlıq nağılları danışmasına fikir verməyin. Bin Laden öldürüldükdən sonra o zaman niyə çıxmadınız Əfqanıstandan? Çünki indi də çıxmadılar. Məhz qovuldular!

Əslində, ABŞ-nin bölgədə Əfqanıstana çıxışı olduğu iki ölkə qalıb. Biri NATO üzvü olsa da, “Taliban”ın da müsbət yanaşdığı Türkiyə, digəri yaranışından bəri “Taliban”la əlaqəni kəsməyən, ən çətin anlarda öz torpaqlarında gizlənməsinə göz yuman Pakistan. Hərçənd, hər ikisi də hazırda oyunun zəif bəndləridir və Əfqanıstanda Rusiya-İran-Çin faktoru daha güclüdür.

“Taliban”a gəlincə, ilk mesajları daha mülayimdir və daha Budda heykəllərini partlatmayacaqlarını, qadınlara, mediaya dözümlülük nümayiş etdirəcəklərini bildiriblər. Üstəlik, ölkə əhalisinin bütün kredit borclarını ləğv ediblər.

Dünyanın kapitanı postunda oturan ABŞ işğal etdiyi yerlərdən bir-bir qovulmaqda, kartlar yenidən dağıdılmaqdadır…

Qısacası, bu “Taliban” 20 il əvvəlki, yəni Pakistan xüsusi xidmət orqanlarından əmr alan, ona itaət edən bir “Taliban” deyil. 20 il içərisində beynəlxalq güclərlə savaşmış, bu yolda təcrübə toplamış, Çinə gedib uyğur məsələsində problem yaratmayacağının sözünü verib, dəmiryolu xəttini müzakirə edən, Rusiya ilə görüşlər keçiri, Fərqanə vadisi ilə bağlı qarantiya verib, İŞİD və Əl-Qaidə məsələsində rəsmi Moskva ilə görüş birliyində olduğunu bildirən bir “Taliban” var qarşımızda. Əgər 20 il əvvəlki “Taliban” beynəlxalq danışıqları Pakistan üzərindən edirdisə, bu gün meydanda özüdür. Yəni nə “Taliban” 20 il əvvəlki “Taliban”dır, nə də dünya…

www.yenicag.az

3174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv