Əfqanıstanın güc strukturları ölkənin şərqində yerləşən Qəzni əyalətində keçirilən hərbi əməliyyat nəticəsində “Taliban” hərəkatının 42 döyüşçüsünün öldürüldüyünü iddia edir.
Yenicag.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanının nümayəndəsi Arif Huri deyib. Onun sözlərinə görə, əməliyyat mayın 20-də axşam saatlarında aviasiyanın dəstəyi ilə həyata keçirilib. Həlak olan taliblərin arasında hərəkatın səhra komandirinin və altı əcnəbinin olduğu bildirilir.
Xeyli müddətdir ki, Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə ərazisində birgə əməliyyatlar keçirirlər.