“Taliban”ın zülmünə uğrayan ƏFQANISTAN TÜRKLƏRİ: “22 rayonumuz işğal olunub” – Marşal Dostumun sözçüsü / ÖZƏL

“Əfqanıstanın 321 rayonundan təxminən 22-si tamamilə Talibanın idarəsinə keçib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Taliban”la Əfqanıstanın mərkəzi hökuməti arasında davam edən qızğın toqquşmalar fonunda ölkədə yaşayan Azərbaycan əsilli türklərin (Qızılbaşlar) düşdükləri ağır vəziyyəti dəyərləndirən Əfqanıstanın sabiq vitse-prezidenti, marşal Əbdülrəşid Dostumun siyasi məsələlər üzrə sözçüsü Fazil Əhməd Burget səsləndirib.

Toqquşmaların vüsət alması tarixindən danışan Fazil Əhməd hazırda rayonlarla yanaşı, magistral yolların da “Taliban”ın nəzarətinə keçdiyini bildirib:

“Bildiyiniz kimi, 2001-2010-cu illər aralığında Əfqanıstanda Talibanın fəaliyyəti haradasa sıfıra endirilmişdi. 2010-cu ildən sonra isə həm beynəlxalq aləmin birtərəfli siyasəti, həm də Əfqanıstan hökumətinin etnikləşdirilməsi fonunda siyasətdə yol verilmiş boşluqlar Talibanın ölkəyə daha da nüfuz etməsinə, bəzi bölgələri sürətli şəkildə ələ keçirməsinə səbəb oldu. “Vur-qaç” taktikası ilə mərkəzi hökumətin dayaqlarını sarsdı. 2014-cü ildən etibarən “Taliban” daha böyük əraziləri ələ keçirməyə başladı. Eyni ildən müharibə Pakistan sərhədindən türklərin məskunlaşdığı şimal bölgələrinə daşındı. Mərkəzi hökumət də buna göz yumdu. Bu gün Əfqanıstanın bütün bölgələri təhlükəsizlik problemləri ilə qarşı-qarşıyadır. Lakin ölkənin cənubunda sosial baxımdan “Taliban” dəstək aldığı üçün isti toqquşmalar çox da baş vermir. Ancaq şimal bölgələrdə, türklərin yaşadığı ərazilərdə çox ciddi problemlər var. Hətta bölgə mərkəzləri mühasirəyə alınmış vəziyyətdədir. Son bir həftə ərzində Əfqanıstanın 321 rayonundan təxminən 22 rayon tamamilə Talibanın idarəsinə keçib. Bundan başqa şəhərlərarası dəmiryolu xətləri, magistral yollara da “Taliban” nəzarət edir”.

Fazil Əhməd Burget, həmçinin qeyd edib ki “Taliban”la ABŞ arasında əldə edilmiş razılıq təşkilatı daha da müstəqilləşdirib:

“2019-cu ildə Dohada ABŞ-la “Taliban” arasında razılıq əldə edildikdən və Amerika bölgədən çəkiləcəyini açıqladıqdan sonra “Taliban” psixoloji üstünlük əldə etdi. Bu da onların mərkəzi hakimiyyətə qarşı baş qaldırmalarını daha da artırır. Böyük şəhərlərdə terror aktlarının sayı hər keçən gün artır. Qeyd etdiyim razılaşmadan sonra Talibana beynəlxalq güzəştlərin edilməsi, sərbəst hərəkətlərinə icazə verilməsi onların fəaliyyətlərinin artmasına yol açdı. ABŞ Talibana terrorçu qrup kimi yox, ölkə kimi davrandı. Talibandan fərqli olaraq mərkəzi hökumət psixoloji üstünlükdən tamamilə yoxsuldur. Əsgərlərdə avaş ab-havası yoxdur. Əfqanıstan xalqında da ABŞ tərəfindən Talibana təslim edildikləri yönündə düşüncə var”.

Ölkədə yaşayan Azərbaycan əsilli türklərin (Qızılbaşlar) də vəziyyətinə toxunan Fazil Əhməd mərkəzi hökumətin Marşal Dostumu sıxışdırdığını vurğulayıb:

“Əfqanıtanda yaşayan türklərə gəldikdə isə, onlar ölkənin şimalında yaşayırlar və bura birbaşa təhdid altındadır. Çox təəssüf ki, türklərin hökumətə də çox böyük təsir imkanları yoxdur. Hətta bəzi türklər məcburiyyətdən Talibana qoşulub. Türklər, həqiqətən, 20 il ərzində bu savaşdan ən çox ziyan görən etnik qrupdur. Bu savaşda türklər tərəfindən yaradılan məhəlli qruplar da hökumət və “Taliban” tərəfindən tərkisilah edildi, bəziləri cinayətlərə qurban getdi. Hal-hazırda Əfqanıstan türkləri dağınıq yaşayırlar. Marşal Dostum bu əskiklərin aradan qaldırılması üçün ciddi şəkildə çalışır. Hökumət də media və ya başqa vasitələrlə onun fəaliyyətini insan haqlarına uyğun olmadığını əsas gətirərək əngəlləməyə çalışır.

Ancaq bir çox bölgələrin dirəniş götərə bilməyərək Talibana təslim ediləcəyi məsələsində dərin narahatlıqlarımız var. Bu narahatlıqların təməli də hazırda atılmaqdadır. Əfqanıstanda vəziyyət yaxşı deyil, hər keçən gün durum daha da pisləşir”.

Aqil Bəkir