Talışlara düşmən kəsilən “talış müdafiəçisi” – Ermənilərin tərəfini tutan İsmayıl Şabanov kimdir? – DOSYE/VİDEO
Azərbaycan ötən ilin sentyabrında separatizmin kökünü tam kəssə də, ölkəmizə qarşı bölücü fikirlərlə çıxış edən şəxslər hələ də məkrli planlarından vaz keçmək niyyətində deyillər.
Bunlardan biri də Moskvada oturub Azərbaycanı tənqid edən, guya ölkəmizin talışlar və digər etnik azlıqlara qarşı etnik təmizləmə siyasəti apardığını söyləyən, özünü “talış milli televiziyası”nın rəhbəri kimi sırıyan İsmayıl Şabanovdur. O Şabanov ki müharibə ərəfəsində ermənilərin tərəfindən çıxış edirdi. O Şabanov ki Əlikram Hümbətov kimi xəstə təxəyyülü şəxsin “ideologiya”sını ümumi talışların azadlığı kimi qələmə verirdi.
Haqqında bəhs etdiyimiz Şabanov İsmayıl Musarza oğlu 1965-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olub. Rusiya vətəndaşı olan İ. Şabanov hazırda Moskva şəhərində yaşayan Rusiyadakı “Talış diasporu” ictimai təşkilatının rəhbəridir. Dövri mətbuatda onunla bağlı qısa araşdırmadan məlum olur ki, Azərbaycana qarşı separatizmi dəstəkləyən şəbəkənin üzvü olan İ. Şabanov 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaranmış gərginlikdən sonra Azərbaycana qarşı daha da radikal mövqe tutub. 2015-ci ildə o, Rusiyanın ANNA TV kanalının “Без цензуры: Талыши друзья России на Кавказе” verilişinə dəvət olunaraq, Azərbaycanda yaşayan talışların vəziyyəti barədə absurd açıqlamalar verib. Söhbətin əvvəlində talışlar haqqında ümumi məlumat verən İ. Şabanov, daha sonra guya Azərbaycanda talışların ciddi problemlərinin olduğunu söyləyib.
O, həmçinin 1993-cü ildə Azərbaycanın tərkibində qondarma “Talış muxtariyyəti”ni yaratmaq istədiklərini, lakin hakimiyyət tərəfindən böyük təzyiqlərə məruz qaldıqlarını və qurumun, eləcə də bu istiqamətdə fəaliyyət göstərən talışların məhv edildiyini, bu hadisədən sonra Azərbaycanda talışlara qarşı “etnik soyqırımı” siyasətinin aparıldığını, talış alimlərinin, aktivistlərinin guya şərlənərək həbsxanalara atıldığını iddia edib.
Bundan başqa, sözügedən siyahını uzatsaq, İsmayıl Şabanovdan savayı Zabil Məhərrəmov, Zəhləməddin İbrahimov, Elşən Həsənov və Rüstəm Ağayev kimi dönüklərin də adlarını burada çəkə bilərik. Bu şəxslər Qarabağın işğalda qaldığı zamanlarda mütəmadi olaraq İrəvana səfərlər etmiş, oradan talış dilində guya Azərbaycanın “əsarətində” qalan talışlara səslənmişdilər.
İrəvanda “ozodə tolışston vindəsədo” televiziyası layihəsini qurmaq istəyən bu başıpozuq şəxslərin Azərbaycana qarşı düşmənçilik hissləri o qədər yüksək idi ki, illərdir, talış, ləzgi, avar, türk, kürd, ingiloy demədən, əli bütün azərbaycanlıların qanına batan ermənilərin ayağına gedib onlardan mədət umurdular. İsmayıl Şabanov kimi şəxslər 44 günlük müharibə ərəfəsində belə Lerik, Masallı, Lənkəran və Astaradan olan şəxslərə Qarabağda vuruşmamaları üçün sərsəm müraciətlər etməyə davam edirdi. Sözsüz ki, o dövrlərdə onun Rusiya və Ermənistan kəşfiyyatına işləməsinin yekun nəticəsi idi ki, Şabanov birbaşa “YouTube” vasitəsilə bu çıxışları edirdi.
Müharibə dövründə isə milliyyət və kimlik fərq etmədən Qarabağ uğrunda canını qoyan millətlərdən biri də talışlar idi. Talışların İsmayıl Şabanova münasibəti onun fəaliyyəti və məqsədləri ilə ziddiyyət təşkil edir. Şabanov Azərbaycanın talış əhalisi arasında separatçılıq toxumları səpməyə çalışsa da, bununla belə, talışların ona olan münasibəti fərqlidir və ümumiləşdirilmiş bir yanaşma, demək olar ki, yoxdur. Talışlar arasında Şabanovun çıxışlarına və fəaliyyətinə dəstək göstərən çox az sayda şəxs ola bilər ki, bu da daha çox marginallaşmış və öz hüquqlarını təmin etmədiyini düşünən qruplar arasında rast gəlinə bilər. Lakin reallıqdan danışsaq, bu, geniş talış icmasının mövqeyi kimi qəbul edilə bilməz. Çünki cənub zonasında yaşayan və milliyyətcə talış olan şəxslərin hamısının Azərbaycana bağlı olduğu bir həqiqətdir. İkinci Qarabağ savaşında ölkəmizdəki digər xalqlar kimi talışlar da bu torpaq uğrunda vuruşdular, aralarında canından keçən qəhrəmanlar da var.
İsmayıl Şabanovun fəaliyyəti Azərbaycan talışları arasında geniş dəstək qazanmadığı kimi, əksər talış ziyalıları da onun ideyalarına qarşı çıxırlar. Çünki onlar ölkədəki milli birlik və sabitliyi qorumağı vacib hesab edir və talış icmasının Azərbaycandakı digər etnik qruplarla bərabər hüquqlara sahib olduğunu vurğulayırlar. Bu baxımdan, Şabanovun separatçı ideyaları nəinki Azərbaycan hökuməti, eləcə də talışların böyük hissəsi tərəfindən də qəbul edilmir.
İsmayıl Şabanovun taleyi ilə bağlı müzakirələrdə onun sonunun Fəxrəddin Abbasov (talış fəalı və separatçısı – red.) kimi ola biləcəyi isə istisna edilmir. Çünki bir zamanlar Fəxrəddin Abbasovun fəaliyyəti, talış separatizmini təşviq etmək və Azərbaycanın suverenliyinə qarşı çıxmaqla bağlı idi. Şabanovun da bənzər bir yolda olması onun sonunun Abbasovla oxşar ola biləcəyini açıq şəkildə göstərir.
28 fevral 2019-cu ildə Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilən Fəxrəddin Abbasov (özünü Faxroddin Abboszoda adlandırırdı) Azərbaycana düşmən kəsilən separatçı “Talış-Muğan Respublikası” yaratmağa çalışmış Əlikram Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun “parlamentinin spikeri” təyin olunmuşdu. İstədiyini ələ edə bilmədikdən sonra Rusiyaya qaçıb sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.
2020-ci ilin 16 fevral tarixində isə Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Abbasov Fəxrəddin Fərman oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çataraq hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o, 16 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin F. Abbasov bundan 9 ay sonra – noyabrın 9-da saxlanıldığı Qobustan həbsxanasında intihar edərək həyatına son qoymuşdu.
Uzun sözün qısası, dövlətinə və millətinə dönük düşənlərin, onlara xəyanət edənlərin axırının necə olacağı məhz Abbasovun timsalında indilərdə Moskvada oturub talışların guya qədrini bilən bəzi şəxslərə agah olmalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan Qarabağdakı erməni separatçılarını bir göz qırpımında necə aldısa, bir gün İsmayıl Şabanov və ətrafındakı şəxsləri də gözübağlı Azərbaycana gətirəcək. Zaman sizin üçün qısalır…
Rafi Müslümov