“Üzən məzənnə sisteminə keçidin müddəti 2020-ci ilə qədər uzadılsa da, düşünürəm ki, onun baş tutub-tutmamasında əsas sözü neftin qiyməti deyəcək”.
Bu sözləri Azərbaycanda 2020-ci ildən tam üzən məzənnə rejiminin tətbiq olunacağına dair verilən hesabata münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
“Neftin qiyməti Azərbaycan hökuməti üçün məqbul səviyyədə olacaqsa, bu halda böyük ehtimalla üzən məzənnə rejiminə keçid deyildiyinin əksinə olaraq, 2020-ci ildə də baş tutmayacaq. Ancaq neftin qiymətində ciddi enmələr baş verərsə, tədiyyə balansında defisit yaranarsa, prosesi tənzimləmək mümkün olmazsa, bu halda üzən məzənnə rejiminə keçid baş tuta bilər. Yəni proses daha çox neftin qiymətindən asılı olacaq. Bu mənada düşünmürəm ki, burada 2020-ci il hər hansı bir meyardır. Əslində 2020-ci ildə nəhayət ki, üzən məzənnəyə keçəcəyimizlə bağlı proqnozlaşdırma aparmaq çox çətindir. Çünki bu istiqamətdə dəfələrlə müəyyən müddətlər göstərilib. Lakin sonrakı dövrdə əslində üzən məzənnə rejiminə keçidin birmənalı olaraq baş tutmadığını müşahidə etdik. Məsələ ondan ibarətdir ki, hökumət üzən məzənnənin tətbiq edilmədiyini etiraf etmirdi. 2017-ci ilin əvvəlində üzən məzənnəyə keçidlə bağlı bəyanat səsləndi. Mərkəzi Bankın(MB) pul siyasətində də il ərzində üzən məzənnə siyasətinə keçidin tamamlanacağı vəd olunurdu. Amma sonradan neftin qiymətinin bahalaşması və tədiyyə balansında profisit imkanlarının genişlənməsi MB-nin yenidən tənzimlənən məzənnə sisteminə keçidinə səbəb oldu. 2017-ci ilin sentyabrında MB rəsmiləri tərəfindən manatın məzənnəsinin tələb və təklif əsasında, yəni üzən rejimdə formalaşdığı fikri səsləndirildi. Hazırkı məqamda səsləndirilən bəyanat isə onu göstərir ki, üzən məzənnə rejiminə keçid dediklərinin əksinə olaraq, əslində baş tutmayıb. Strateji yol xəritələrində 2017-ci il ərzində üzən məzənnəyə keçid prosesinin tamamlanacağı nəzərdə tutulurdu. Amma gördüyümüz kimi, bu baş tutmadı”.
Ekspert onu da bildirib ki, 2020-ci ildə üzən məzənnə sisteminə keçilsə belə, dollarla manatın kursunun ortalama hansı nisbətdə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir: “Çünki manatın məzənnəsində əsas təzyiq məhz neftin qiymətilə formalaşır. O baxımdan, 2020-ci ildə üzən məzənnə rejiminə keçilsə belə, neftin qiyməti gözləntilərin üzərində olarsa, böyük ehtimalla dollar manat nisbətində şərtlər milli valyutamızın xeyrinə olacaq. Deməli, o halda manatın möhkəmlənməsi prosesi baş verəcək. Əks təqdirdə isə, manatın dəyərsizləşməsi prosesi gedəcək. Belə ki, OPEK-in proqnozuna görə, həmin ildə neftin qiyməti 100 dollardan çox olacaq.
Ölkədə daxili tələbatın idxaldan asılılığını aradan qaldırmaq tədbirləri bu günə qədər ciddi effekt verməyib. 2018-ci ilin ilk rübündə idxalda ciddi artımların olduğunu gördük. Dövlət xərclərinin artması idxalın genişlənməsinə təsir göstərir. Nəticədə proses ticarət saldosunda neqativ halların formalaşmasına səbəb olur. Hər halda, zaman keçdikcə neftin qiymətindən asılı olaraq üzən məzənnə fonunda daha dəqiq konyukturu müşahidə edə bilərik”.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan monitorinq və qiymətləndirmə üzrə hesabatda bildirilir ki, 2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu günə qədər Azərbaycan hökuməti baş verən iki devalvasiya prosesindən sonra dəfələrlə bəyan edib ki, üzən məzənnə rejiminə keçib. Amma bununla belə, hələ də manatın məzənnəsi MB-nin müdaxiləsi, yəni inzibati yolla tənzimlənməkdə davam edir. İndi isə bəyan edilir ki, üzən məzənnə rejiminə keçid 2020-ci ildə baş tutacaq.
ELÇİN