TANAP-a Avropa marağı artır

59425Avropa İttifaqı (Aİ) TransAnadolu (TANAP) qaz kəmərinin tikinti layihəsinin reallaşdırması məsələsində Türkiyəyə dəstəyini gücləndirəcək.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

O bildirib ki, Türkiyə energetika sahəsində, xüsusilə əhəmiyyətli TANAP layihəsi üzrə Avropa İttifaqının tərəfdaşıdır.

M.Şefçoviç “Türk axını” haqqında danışaraq vurğulayıb ki, bu layihə Avropa İttifaqının qanunvericiliyinə uyğun icra olunmalıdır.

Ümumiyyətlə, TANAP layihəsi Gürcüstan-Türkiyə sərhədindən Azərbaycanın “Şahdəniz” yatağından qazın Türkiyənin qərb sərhədinə qədər nəqlini nəzərdə tutur. TANAP boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq. Təqribən 6 milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya göndəriləcək.

Türkiyəyə qaz 2018-ci ildə çatacaq. TransAnadolu kəmərinin tikintisi tamamlandıqdan sonra təbii qaz 2020-ci ilin başlanğıcında Avropaya daxil olacaq.

BP şirkəti və TANAP konsorsiumu bu il martın 13-də Türkiyədə səhmdar razılaşması imzalayıb. Sənədə əsasən BP şirkəti TANAP-ın səhmdarlarından olacaq. Hüquqi prosedur qaydaları tamamlandıqdan sonra TANAP-ın səhmdarlarının tərkibi belə olacaq: SOCAR – 58 faiz, “Botaş” – 30 faiz, BP – 12 faiz. Layihənin qiyməti isə 10-11 milyard dollar qiymətləndirilir.