“Cənub Qaz Dəhlizi” fonunda həyata keçirilən TANAP və TAP layihələri mövcud qiymətlər fonunda ölkəmizə 150 milyard dollarlıq gəlir gətirəcək. Hazırda Azərbaycan illik 29 milyard kubmetr qaz hasil edir. TANAP və TAP-ın istifadəyə verilməsilə isə qaz hasilatının 50 milyard kubmetrə çatdırılması gözlənilir”
Yenicag.az xəbər verir ki, bu sözləri OilGas.az-a iyunun 12-də baş tutan TANAP layihəsinin açılış mərasimi fonunda kəmərin istifadəyə verilməsinin ölkəmizə verəcəyi üstünlük və gələcək perspektivlərilə bağlı sualı cavablandırarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:
“Qeyd edim ki, TANAP layihəsi 4 hissədən ibarətdir. Bura “Şahdəniz” layihəsinin 2-ci fazasının istifadəyə verilməsi, eyni zamanda Cənubi Qafqaz Qaz Kəmərinin yeniləşməsi, TANAP və TAP kəmərləri vasitəsilə mavi qazı Avropa bazarına çıxarılması daxildir. TANAP Azərbaycan qazının Türkiyə bazarına çıxarılmasını təmin edəcək bir layihədir. Azərbaycan bu fonda ilk mərhələdə TANAP vasitəsilə Türkiyə bazarına 6 milyard kubmetrlik qaz çıxaracaq. Proses eyni zamanda, TANAP-dan keçməklə Avropa bazarına 10 milyard kubmetrlik mavi qazın nəql edilməsini nəzərdə tutur. İkinci mərhələdə isə Avropaya yönələcək mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Bütövlükdə Türiyə daxil olmaqla Avropaya 31 milyard kubmetr qazın daxil olması gözlənilir. Eyni zamanda burada digər əhəmiyyətli məqamlar da var. Belə ki, TANAP həmçinin Şərqi Avropa ölkələrinin də Azərbaycan mavi qazından faydalanmasına imkan verəcək. Bolqarıstan TANAP-dan illik 1,5 milyard kubmetr qaz ixrac etmək niyyətindədir. Bu da TANAP vasitəsilə qazın Şərqi Avropa bazarına da nəql edilməsinə imkan verəcək. Azərbaycan qazı Yunanıstan sərhədinədək nəql edəcək”.
V. Bayramov qeyd etdi ki, layihə ölkəmizin dövlət gəlirlərinin artırılması və stabil dövlət gəlirlərinin olması baxımından vacibdir:
“Əsrin kontrakt”ı 2050-ci ilə qədər uzadılıb və bu Azərbaycana illik 7 milyard dollarlıq gəlirin gəlməsi deməkdir. TANAP-ın istifadəyə verilməsi isə dövlət gəlirlərimizin illik 12 milyard dollaradək artmasına imkan verəcək. TANAP-ın işə düşməsilə Azərbaycanın regionda strateji və iqtisadi baxımdan mövqeyi möhkəmlənəcək ki, bu baxımdan da layihə ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Nəticədə regional məsələlərdə Azərbaycan öz mövqeyini qoruyub saxlayacaq. TANAP həmçinin Türkiyə və Avropanın enerji təhlükəsizliyinə ciddi töhvə verəcək. Həmçinin, bu layihə regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması demək olacaq”.
Həmsöhbətimizin fikrincə, TANAP layihəsini gələcək perspektivdə başqa istiqamətlər, Macarıstana doğru da genişləndirmək mümkün olacaq:
“Layihənin növbəti mərhələdə məhz Şərqi Avropaya doğru genişləndirilməsi nəzərdə tutulur. Gələcək perspektivdə sözügedən layihə Bolqarıstan, ardınca Şərqi Avropanın digər ölkələri, o cümlədən Macarıstanın da həmin kəmərdən mavi qaz almasına gətirib çıxara bilər. Yəni TANAP yalnız Yunanıstan, Albaniya, Cənubi Avropa deyil, eyni zamanda, Şərqi Avropanın da mavi qazla təminatında aparıcı mövqeyə malik ola bilər”.
Qeyd edək ki, bu gün Türkiyədə Azərbaycan təbii qazının qardaş ölkəyə, oradan isə Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı oldu. Açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, habelə layihədə paya sahib olan şirkət rəhbərləri, bir çox digər ölkələrin dövlət və hökumət başçıları iştirak edib.
Xatırladaq ki, TANAP ümumi dəyəri 40 milyard avroluq Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. Bu layihə “Şahdəniz-2” layihəsinin əsas elementlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilkin olaraq Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz nəql olunacaq ki, onun da 6 mlrd. kubmetri qardaş ölkəyə, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. Sonrakı mərhələdə isə layihə daha geniş məkanı əhatə edəcək.