Tanınmış aktrisa gözyaşına boğuldu: “Məni yada salan yoxdur”

“Məni yada salan da yoxdur. Neçə vaxtdır teatrda mənə heç bir rol verilmir. Bir dəfə də olsun zəng edib maraqlanmırlar. Yaradıcı insan üçün bu, ölümə bərabərdir. Keçirdiyim stresslər səhhətimdə ağır izlər buraxıb”.

Bunu uzun müddətdir səhhətində problemlər yaşayan və teatrdan uzaqlaşdırılan tanınmış aktrisa Məsumə Babayeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa bir müddət əvvəl əməliyyat olunduğunu, indi də dava-dərmanla yaşadığını deyib:

“Sənətdən ayrı düşmək hər bir aktrisa üçün dəhşətdir. Mən də teatrdan ayrı sudan çıxmış balıq kimiyəm. Çox ağır günlər yaşadım. Səhnədən ayrı qaldığım üçün stress yaşadım, xəstəliklər tapdım. Bir neçə ay əvvəl sinəmdə şiş tapıldı, əməliyyat olundum. Bədənimi doğrayıb-tökdülər. İllər əvvəl keçirdiyim insultun da fəsadlarını yaşayıram. Bir yandan da şəkər. Hamısı bir-birinə qarışıb. Səhnədə olsaydım, səhhətimdə belə problemlər də yaşamazdım. Nə qədər fikir etmək olar… Evin içində yeriyə bilmirəm, ayaqlarım tutulur”.

Aktrisa çalışdığı teatr tərəifndən qarşılaşdığı biganəliyə görə pis olduğunu deyib:

“Yaradıcı adam həmişə özünə diqqət istəyir. Uzun illər səhnədə bir-birindən gözəl obrazlar yaratmışam. Tamaşaçılarım indi də məni görəndə bağrına basır, nədən teatrdan uzaqlaşdırıldığımın, yeni tamaşalarda olmamağımın səbəbini soruşur. Heç nə deyə bilmirəm, qəhər məni boğur. Mən axı bu laqeydliyə layiq deyiləm”.

Cəvahir