Gədəbəydə 50 yaşlı kişinin 17 yaşlı qızın nişanlanması ətrafında müzakirələr hələ də səngimək bilmir. Tanınmış sənət adamlarının da məsələyə münasibəti fərqlidir. Hadisə əksəriyyət tərəfindən hiddətlə qarşılansa da, bu izdivaca müsbət yanaşanlar da var.
Yenicag.az-a açıqlama verən aktrisa Cəmilə Tağızadə bu evliliyin məcburiyyət üzərində qurulmadığını və buna görə də sərt təpkilərə ehtiyac olmadığını bildirib:
“Sosial şəbəkələrdə müzakirə edilir, narazılıq bildirilir. Amma o izdivacda məcburiyyət olduğu görünmür. Fotolarda qız 50 yaşlı kişiyə ərə getməkdən çox da məmnun görünür. O qız məcburiyyətdən ərə verilsəydi, göz yaşları içərisində gəlin köçsəydi, buna reaksiya vermək olardı. Ailə də buna razıdırsa, bizə söz demək düşməz.
Düzdür, 18 yaşı tamam olmamış və həddi-buluğa çatmayan qız belə erkən ailə qurmamalıdır. Qızın hələ 17 yaşı var. Amma bu da ayrı mövzudur. Mən də həmişə erkən nikahlara qarşı olmuşam. Ümumiyyətlə hesab edirəm ki, 25 yaşdan tez evlənmək doğru deyil.
Mən 30 yaşım olanda ailə qurmuşam və həyat yoldaşımla 6 yaş fərqimiz var. Bu o demək deyil ki, hər kəs 30 yaşda ailə qurmalıdır. Elə adamlar var aralarında 20-25 il yaş fərqi var və çox da xoşbəxtdirlər. Bəzən görürsən cavan uşaqlar az yaş fərqi ilə evlənir, heç bir il çəkmir ki, boşanırlar. Bəzən də əksinə, çox böyük yaş fərqi olur aralarında, amma bu evliliyin ömrü illərlə davam edir. Dünyaca məşhur cütlüklər var ki, yaş fərqinə baxmayaraq xoşbəxt həyatları var. Türk kinosunun ulduzu Türkan Şorayın sevdiyi adam 25 yaş ondan böyük idi. Rəsmi nikahlarının olmamasına baxmayaraq, ölənə qədər bərabər yaşadılar. Bu misalların sayını artırmaq olar. Onlar razıdırsa, bizə söz deməyə gərək qalmır”.
Cəvahir