Tanınmış aktrisadan BOTOKSLU XANIMLARA: “İnkubator cücələri”

“Üzündə müəyyən estetik prosedurlar etdirən – dolğu, silikon, botoks vurduran aktrisaların dünya səviyyəsində filmlərdə çəkilmək imkanları, demək olar ki, yoxdur”.

Bunu aktrisa Günəş Mehdizadə yaradıcı insanların plastik əməliyyat etdirməsi ilə bağlı fikirlərini bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

O, aktrisaların lazımsız estetik əməliyyatlarına qarşı olduğunu bildirib:

“Aktrisaların lazımsız estetik əməliyyatlarının əleyhinəyəm. Çünki onların üz ifadələri mütləq yerində olmalıdır. Yaradıcılıqda bu, xüsusilə vacibdir. Üzündə müəyyən estetik prosedurlar etdirən – dolğu, silikon, botoks vurduran aktrisaların dünya səviyyəsində filmlərdə çəkilmək imkanları, demək olar ki, yoxdur.

İndi deyəcəklər ki, bizdə belə filmlər çəkilmir. Niyə ki, olanda olur. Avropalı rejissor gəlib kastinqlər edir, bizim aktyorlardan istifadə edir. Amma botokslu, dolğulu aktrisalar belə seçimlərdə şansını itirir. Elə bir obraz ola bilər ki, plastik əməliyyat etdirən bir qadının taleyini oynaya bilər. Amma belə filmlər də o qədər çox deyil axı. Filmlərdə daha çox təbiilik ön planda olmalıdır ki, aktrisa oynadağı obrazı canlandıra bilsin”.

Aktrisa, ümumiyyətlə, plastik əməliyyatların müəyyən yaş həddindən sonra edilməsini məqsədəuyğun sayır:

“Yaş elədir ki, nə qədər gizlətməyə çalışsan da, müəyyən nahiyələrdə özünü biruzə verəcək. Üzdə olan qırışları götüzdürəcəksən, boğazda, ya da əllərdə billinəcək. Buna görə də, haradasa qüsur varsa, təbiiliyi saxlamaq şərtilə müəyyən estetik prosedurlar etdirmək olar. Belə əməliyyatlar yaşlandıqca üzdə və bədəndə olan müəyyən qüsurları aradan qaldırmaq üçündür. Amma gənc qızların etdirdikləri lazımsız burun əməliyyatları, dodaq dolğusu, yanaq botoksu və digər prosedurlara qarşıyam. Cəmiyyətdə onlar haqqında tez-tez səslənən “inkubator cücələri” fikri ilə mən də tam razıyam”.

Cəvahir