“Yaxşı bir deyim var, uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir”.
Bunu tanınmış aktrisa Arzu Abdulova son vaxtlar yeniyetmələrin törətdiyi cinayət hadisələri ilə bağlı narahatlığını dilə gətirərkən Yenicag.az-a açıqlamasında deyib.
Oğul anası olduğunu deyən aktrisa günü-gündən artan belə hadisələrin törədilməsində daha çox valideynlərin məsuliyyət daşıdığını bildirib:
“Son vaxtlar yeniyetmələrlə bağlı o qədər neqativ xəbərlər oxuyuram, o qədər çox hadisələr baş verir ki, çox həyəcan keçirirəm. Çünki mən də yeniyetmə anasıyam, övladımın 17 yaşı var. Baxırsan, şagird sinif yoldaşının boğazını kəsir, digəri bir-birinə başqa formada xəsarət yetirir… Yaxud da özünü binadan atır və s… Belə hadisələri görəndə dəhşətə gəlirəm. Cəmiyyətdə bu kimi hadisələrin sayı-hesabı yoxdur. Bir ana kimi mən də narahatam övladıma görə. Günü-gündən artan bu hadisələrin baş verməməsi üçün valideyn məsuliyyət daşımalıdır. Valideyn nəzarəti, valideyn tərbiyəsi mütləqdir. Adətən ata-ana nəzarətindən uzaq olan uşaqlar belə yollara əl atırlar. Xüsusən də ana böyük məsuliyyət daşıyır. Valideyn bilməlidir uşağı kiminlə oturub-durur, kiminlə dostluq edir. Ana, ata öz övladı ilə dost kimi davranmalıdır, problemlərini bilməlidir, ona hər məsələdə dayaq olmalıdır. Biganəlik, laqeydlik valideynlə övlad arasında sədd yaradır. Nəticədə valideyn övladının harada nə iş gördüyünü, kimlərlə dostluq etdiyini bilmir. Bəzən uşaq özbaşına böyüyür, nəticədə də belə dəhşətli hadisələr baş verir. Yaxşı bir deyim var, uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir. Uşağının tərbiyəli olmasını istəyirsənsə, özün də tərbiyəli olmalısan”.
Cəvahir