Tanınmış aktrisadan REAKSİYA: “Kiminlə evlənəcəyinə özü qərar veribsə…”

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı şəxslə ailə qurması xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Baş verən hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xəbər tanınmış sənət adamları tərəfindən də sərt təpki ilə qarşılanıb.

Azyaşlı qızın atası yaşda bir kişi ilə ailə qurmasını qəbul etmədiyini bildirən aktrisa Günel İmanova Yenicag.az-a açıqlamasında bildirib ki,bu, qadına dəyər verilməməsinin təzahürüdür:

“17 yaşında bir qızın 50 yaşında bir kişi ilə evliliyini qəbul edə bilmirəm. Üzr istəyirəm ifadəmə görə, buna pedofiliya kimi baxıram. Təsəvvür edin, bu qız dünyaya gələndə kişinin artıq 33 yaşı var idi. 50 yaşlı bir kişinin övladının 17 yaşı ola bildiyi halda, bu yaşda qızı özünə arvad kimi görməsi normal yanaşma deyil. “Azyaşlı qızla evlənim, özüm tərbiyə verim” yanaşması ilə ailə qurulur, bu da, qadına dəyər verilməməsinin təzahürüdür.

Sonradan da belə xəbərlər yayıldı ki, qızın 23 yaşı var. 23 yaşlı qız özü qərar verə biləcək yaşdadır. Kiminlə evlənəcəyinə özü qərar veribsə, bu məsələdə heç bir problem yoxdur. Amma zorla ərə verilibsə, onda mütləq dövlətdən kömək istəməlidir. Ümumilikdə isə ailə quran zaman ailəni dərk etmək və həyat təcrübəsi vacibdir”.

Cəvahir