Tanınmış aktrisadan SƏRT İRAD: “Elə insanlara yazığım gəlir”

“Baxırsan sənət yox, ancaq qalmaqalla gündəmə gəlir. Söz də düşəndə “sənətkaram” deyib özünü öyür. Elə insanlara yazığım gəlir…”

Bunu tanınmış aktrisa Sonaxanım Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa son zamanlar insanların sənətlə deyil, qalmaqalla populyar olmaq istədiklərini təəssüf hissi ilə bildirib:

“Onların bədbəxtçiliyi bundadır ki, özü-özünə “ənətkaram” deyir. Elin gözü tərəzidir. İnsana “yaxşı aktrisadır”, “yaxşı aktyordur” sözünü xalq deməlidir. Xalq onu sənətkar kimi qəbul etməlidir. Adam var özünü kənardan görmür və özünü sənətkar kimi hiss edir. Onlara yazığım ona görə gəlir ki, həmin insanlar özlərini kənardan görə bilmirlər. Çox da sən özünə sənətkar de. O dəyər və qiyməti insan özü onsuz da hiss edir. Hansısa bir tədbirə, məclisə gedəndə ona göstərilən münasibətdən bilinir ki, o kimdir, peşəsində hansı uğurlara imza atıb”.

S.Əliyeva keçmiş sənətkarlarla indikiləri müqayisə edib:

“Son vaxtlar sənətə gələnlər həm sənətdən bixəbər olurlar, həm də sənətdən başqa hər şeyi öyrənirlər. Bir öyrənmədikləri sənət olur. Vaxtilə çəkilən filmlərə baxın, o filmlərdə rol alan aktyorlar, aktrisalar bu gün də milli kinomuzun sütunları sayılır. Yəni tarixdə qalan sənət olur, dedi-qodu, qalmaqal yox. Təəssüflər olsun ki, indikilər daha çox bu yolu tutub. Ona-buna söz atır, kimisə təhqir edir, kiminsə dalınca danışır, təki gündəm yaransın. Onları da qınamalı deyil, əgər istedad, sənət yoxdursa, həmin adam nəyləsə gündəmə gəlməlidir”.

Cəvahir