Tanınmış aktyor AĞIR DURUMDA: “Dar gün üçün yığdıqlarım da tükənmək üzrədir”

“Dörd aydır bir qəpik də gəlirimiz yoxdur. Dar gün üçün nə yığmışdıqsa, o da tükənmək üzrədir”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Rəşat Kəsəmənli karantin dönəmində maddi vəziyyətindən danışarkən deyib.

“Biz dövlət işçisi deyilik ki, dövlətdən məvacib alaq. Heç bir biznesim də yoxdur. Vergi ödəyicisiyəm deyə , mənə 190 manat da düşmür. Olan pulum da iyul, uzağı, avqust ayının sonuna qədər qurtaracaq, ondan sonra neyləyəcəyik, bilmirəm. Əminəm ki, tək deyiləm, ətrafımda mənim vəziyyətimdə olan aktyorlar çoxdur”.

Aktyor teatrlarda işə götürülmədiyi üçün maddi və mənəvi cəhətdən də problem yaşadığını bildirib:

“Hələ karantindən əvvəl teatrlara müraciət etmişdim, dedilər ki, yerimiz yoxdur. Hansı ki, mənim müraciətimdən sonra nə qədər yenicə institut bitirmiş məzunları doldurublar ora, hansı ki, heç bir bacarıqları yoxdur. Təbii ki, cavan kadrlar da lazımdır. Amma illərin təcrübəsini qazanmış aktyor kimi, niyə axı kənarda qalmalıyam? Mən harada çalışmalıyam? Teatrda qeydiyyatda olmayandan sonra mən haradan maaş almalıyam? İndi havadayam, bilmirəm bu karantin nə vaxt bitəcək, mən haçan çəkilişlərə qatılacam. Ən azı 25 illik təcrübəm var. Söhbət fəxri addan gedirsə, yetərincə tamaşaçı kütləm var, bir iz qoya bilmişəm. Bunu mən yox, tamaşaçılar deyir. Mən fəxri fəxri ad almaq üçün hansısa teatrda işləməliyəm. Amma neyləyim ki, heç biri məni işə götürmür. Qat-qat yaşda məndən kiçik olan, heç bir istedadı olmayan şəxslər hansısa qurumda çalışdıqları üçün təqdimatları verilir və fəxri ad alırlar. Belə çıxır ki, istedadın, bacarığın, tamaşaçı sevgisinin olmağı əsas deyil, əsas olan haradasa rəsmi işləməyindir”.

Cəvahir