“Turalı da fərqli edən onun mədəni və təmkinli olmasıdır. Təbii ki, mədəni insanam, amma təmkinim onunku qədər yoxdur və heç olmasını da istəmərəm”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Reşat Kəsəmənli “Əlvida xoşbəxtlik” serialında oynadığı obrazla bağlı fikirlərini bölüşərkən deyib.
Adətən, mənfi obrazları ilə daha çox diqqət çəkən aktyor bu dəfə tamamilə xarakterinə zidd bir obrazı canlandırıb. Mənfi rolların öhdəsindən məharətlə gələn Reşat mədəni, təmkinli Tural obrazına görə rəğbət qazanıb:
“Serialın reytinqi çox yüksəkdir, hər addımbaşı qarşılaşdığım reaksiyalardan da bilirəm. Peşəkar komandanın uğurlu işinin nəticəsidir ki, ortaya keyfiyyətli məhsul çıxıb. Obrazım müsbət olduğundan hamı tərəfindən sevilir. Hərçənd mən mənfi rolları oynamağı daha çox sevirəm. Çünki mənfi mənə görə daha xarakterikdir və bu obrazın öhdəsindən gəlmək daha çox məsuliyyət tələb edir. Tural müsbət obrazdır, və ətrafın reaksiyasından da bunu görürəm ki, obrazın öhdəsindən gəlirəm”.
Aktyor “Tural obrazı ilə aranızda oxşar cəhətlər varmı” sualını da cavablandırıb:
“Xırda cəhətlər ola bilər, amma əsas cəhətlərimiz fərqlidir. Tural daha çox təmkinli, səbirli, reaksiyalarını daha mədəni şəkildə hiss etdirir. Hətta qarşı tərəfdən tərbiyəsiz davranışla qarşılaşanda belə o mədəni davranır. Mən isə yox, qarşımdakı tərbiyəsizlik, hörmətsizlik edəndə ona mədəni cavab verməyi sevmirəm. Mən onun beşqatını qaytarıram. Qarşımda rəqib olanda, yaxud da kimsə mənimlə həddən artıq kobud olanda mən heç vaxt mədəni davranmağı sevməmişəm. İkiqat artıq kobudluq göstərmişəm və elə məqamda həmin adamı yola verməyə hövsələm çatmayıb. Xırda bir sözün mənə toxunmağı bəs edir ki, özümdən çıxım və başqa adama dönüm. Turalı da fərqli edən onun mədəni və təmkinli olmasıdır. Təbii ki, mədəni insanam, amma təmkinim onunku qədər yoxdur və heç olmasını da istəmərəm”.
Cəvahir